Premyer Liqanın 22-ci turunun "Qarabağ" - "Sabah" görüşünə 10 min azarkeşin gəlməsi bəzilərinin əlinə yaxşı fürsət verdi.
Ki, bəh-bəhlə futbolumuza marağın artdığını reklam etsin.
Hələ oyundan sonra demişdik ki, Premyer Liqanın ən zəif vaxtında belə mövsüm ərzində 1-2 oyuna təxminən bu sayda azarkeş gəlir.
Məsələn, "Sumqayıt"ın hər il "Qarabağ"la ev oyunlarına 9000 nəfərdən çox adam cəm olur. Stadionun tutumu imkan versə daha çox gələr.
Yəni 1-2 oyunla gözə kül üfürmək olmaz. Manipulyasiya edib səviyyənin qalxdığını tərənnüm etmək ayıbdır.
Hə, ən azı hər turda 1-2 görüşə bu cür və ya buna yaxın səviyyədə diqqət olsa, onda səviyyənin qalxmasını, marağın artmasını dilə gətirmək olar.
Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab görüşləri "Qarabağ" - "Sabah" matçından 3-4 gün sonra baş tutdu.
Və 4 görüşə ümumilikdə 2000 azarkeş tribunalarda olub.
"Zirə" - "Sumqayıt" matçı 600 nəfərə marağlı gəlib.
"Qarabağ" - "Şamaxı" oyunu üçün 750 nəfər arenanın yolunu tutub.
"Kəpəz" - "Turan Tovuz" arasında keçirilən Qərb derbisində futbolçular vur-tut 350 nəfərin önündə top qovmalı olub.
Çox dramatik keçən Qəbələ" - "Sabah" qarşılaşmasının həyəcanını Qəbələ şəhər stadionunda 300 nəfər canlı yaşayıb.
Səviyyənin qalxıb-qalxmadığını, marağın olub-olmadığını "Qarabağ" - "Sabah" görüşü yox, məhz bu 4 matç göstərir.
Çox xahiş, nə özümüzü aldadaq, nə də azarkeşləri.
XANOĞLAN / SPORTİNFO.AZ

