AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turunun matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” 2500 manat cərimə edilib.
Bu görüşdə meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” 2000 manat cərimələnib.
Həmin oyunda “Karvan-Yevlax” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.
Sözügedən matçdan sonra “Karvan-Yevlax”ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.
“Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt”ın 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, "gənclik şəhər" təmsilçisi isə 500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib.
Eyni görüşdə “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün bölgə klubu 700 manat cərimə edilib.
Bu oyunda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.
“Sabah” – “Şamaxı” matçında tamaşaçılar tərəfindən gətirilmiş, stadiona gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə “Sabah”a xəbərdarlıq edilib.

