
"İmişli” klubuna ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirməyə icazə verilməyib.
Dünən Peşəkar Futbol Liqası bu barədə məlumat yayıb.
Qeyd edilib ki, “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.
İmişli şəhər stadionu ilə bağlı problemə görə yerli klub müvəqqəti olaraq ev oyunlarını Quba stadionunda keçirməklə bağlı PFL-ə müraciət etmişdi. Amma təftiş zamanı üzə çıxan problemlər öz həllini tapmayıb.
Gördüyünüz kimi, aran təmsilçisi növbəti dəfə həvəskar addımla yadda qaldı.
Artıq klub təhlükəli sularda üzür.
Bu barədə AFFA-dan məlumat əldə etmişik.
"İmişli" rəhbərliyinin idarəetməsi artıq federasiya mənsublarını cana yığıb.
Belə ki, əgər iki turdan sonra da Quba Olimpiya Kompleksinin stadionunda işlər yekunlaşmasa, "İmişli"nin məsələsinə AFFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Bu isə o anlama gəlir ki, bölgə klubu yanlış yoldan geri dönməsə, hətta Premyer Liqadan kənarlaşdırılması qərarı belə verilə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ