
Premyer Liqanın 2025/26 mövsümünün startına sayılı günlər qalıb.
Açılış turunda ən maraqlı qarşılaşma “Sabah”la “Qarabağ”la arasında baş tutmalıdır. Oyunların 15-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulub.
Lakin bu, bir qədər şübhəli, bir o qədər də mümkünsüz görünür.
İş burasındadır ki, Konfrans Liqasında mübarizə aparan “Sabah” avqustun 14-də “Levski” ilə cavab matçına çıxamlıdır.
“Qarabağ” isə “Şkendiya” səddini keçəcəyi halda – ki, bu, kifayət qədər real görünür – avqustun 19-da Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibi ilə qarşılaşmalıdır.
Premyer Liqa qarşılaşmasının avqustun 15-16-na təsadüf etməsi “Sabah”a sərf etmir. “Levski” ilə görüşdən 1-2 gün sonra “Qarabağ”a qarşı mübarizə aparmaq fiziki baxımdan mümkün deyil.
Avqustun 17-də oynamaq isə “Qarabağ”ı razı sala bilməz. Çünki 2 gün sonra avrokubok matçı var.
Odur ki, ağdamlılar “Şkendiya” səddini keçəcəyi halda, Peşəkar Futbol Liqasının “Sabah” – “Qarabağ” qarşılaşmasının başqa tarixə keçirməkdən başqa çıxış yolu qalmayacaq.
Klublardan heç biri bu günə qədər təxirəsalma ilə bağlı çempionatı təşkil edən quruma müraciət etməyib.
Gözləyək...
HƏBİB / SPORTİNFO.AZ