
“Neftçi”ylə “Səbail”in ələyi ələnib, xəlbiri göydə fırlanır.
Birincilərin titul və medal arzusu ürəyində qalıb, ikincilər Premyer Liqadakı yerini qoruya bilməyib.
Mövsümün başa çatmasına sayılı günlər qalmış bu iki komanda “Neftçi Arena”da meydana çıxmağa hazırlaşır. İlk baxışdan qarşılaşma “nə faydası var” obrazını yaradır. Həqiqətən də yekun nəticə heç nəyi dəyişmir, heç birinin xeyrinə işləmir.
Yeganə təsəlli verən məqam odur ki, “Neftçi” mövsümü 6-cı yox, 5-ci pillədə başa vurmaq imkanına sahibdir. Bunun üçün “dənizçilər”i məğlub edib, “Sabah”ın səfərdə “Zirə”yə uduzmasnı arzulamaq lazımdır.
Sonuncu turda isə “Neftçi”ylə “Sabah” öz aralarında oynayacaqlar ki, Samir Abasovun yetirmələri kubokun finalına hazırlaşan rəqibini udub çempionatı 5-cı yerdə bitirə bilər.
“Neftçi”ylə “Səbail”in əli hər yerdən üzülüb deyə, futbolçular meydana rahat çıxacaq. Əvvəlki duellərdə olduğu kimi, tir-tir əsmək, həyəcanlanmaq, qorxmaq söhbəti olmayacaq. Hər ikisi özünü gec də olsa göstərmək üçün dəridən-qabıqdan çıxacaq.
“Ağ-qaralar” ötən həftə Tovuzda rahat oynamaqla istəyinə çatmışdı. “Səbail” də hər matçda çoxsaylı qol imkanları yaratmaqla rəqiblərini dərindən nəfəs almağa məcbur edir.
Odur ki, bu oyunun da özünə görə xüsusi əhəmiyyəti var. Maraqlı və gərgin qarşılaşma olacaq.
Mayın 18-də “Neftçi Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ