“Qarabağ”ın uğurunu həzm edə bilməyən “Neftçi” və ya “Sabah”dan peşəkarlıq nümunəsi

31 May 2023 16:40 Premyerliqa 3 763
“Qarabağ”ın uğurunu həzm edə bilməyən “Neftçi” və ya “Sabah”dan peşəkarlıq nümunəsi

Premyer Liqanın 2022/23 mövsümü başa çatdı.

Çempionatın sonuncu oyun günündə mükafatçılar kubok və medallarına qovuşdu.

Yarışın keçirilməsinə və təşkilinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası “Azərsun Arena”da təmtəraqlı mükafatlandırma mərasimi hazırlamışdı.

Qızıl, gümüş və bürünc medalların sahibləri tam heyətlə “Qarabağ”ın stadionuna təşrif buyurmuşdu. Hər nə qədər maraqlı olsa da, “Neftçi” də oradaydı.

“Ağ-qaralar”ın meydana ayaq basması tribunalardakı uğultu səsləri ilə müşayiət olundu. Ardınca müxtəlif şüarlar səsləndirildi ki, bu, əzəli rəqibə “ilişmək” üçün idi.

“Neftçi”lilər medallarını alan kimi stadionu tərk etdi. Hörmət əlaməti olaraq çempionatdakı əsas rəqiblər - “Sabah”la “Qarabağ”ın mükafata sahib olduğu anı canlı izləyib, bəlkə də onları alqışlamaq da olardı. Ancaq buna lüzum görmədilər.

Əvəzində, “Sabah” əsl peşəkarlıq və hörmət nümunəsi sərgiləyib “Qarabağ”lıların kubok sevincini necə yaşadığına tamaşa etdi. Hətta aralarında bəziləri ağdamlıları alqışladı da.

Əlbəttə, “Neftçi” medalına qovuşandan sonra “Azərsun Arena”da qalmağa borclu deyildi. Ancaq söhbət futbolun yazılmayan qanunlarından gedirsə, bəzən qaydalara baş əymək gərəkir. Xüsusən də, formasını geyindiyin komandanın adı “Neftçi”dirsə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti