Premyer Liqanın qapısından içəri keçən klub baş məşqçisini saxlamaq fikrinə düşdü

31 May 20:20 Premyerliqa 2 054
Premyer Liqanın qapısından içəri keçən klub baş məşqçisini saxlamaq fikrinə düşdü

Premyer Liqaya vəsiqə qazanan «İmişli» Fərid Namazovla bütün bağları qoparmaq niyyətində deyil.

Aranlılar onlara I Liqanın gümüş medallarını qazandıran baş məşqçiyə yeni təklif irəli sürməyə hazırlaşır.

Amma əvvəlki statusu altında yox.

Rayonun eyniadlı təmsilçisinin rəhbərliyi hazırda «Pro» kateqoriyalı kursda iştirak edən mütəxəssisi yeni çalışdırıcının köməkçisi qismində burada saxlamağı düşünür. Təbii ki, əgər o, bu variantın gerçəkləşməsinə isti yanaşarsa.

Onu əvəzləyə ən real namizədin kimliyi bəllidir. Kristiano Souza bu niyyətlə Azərbaycana dəvət olunub.

Tam adı Kristiano Alberto Duraes de Souza olan portuqaliyalı komandanı iş başında görüb. «İmişli» I Liqanın 27-ci tur çərçivəsində Şamaxıda «Difai»nin önünə çıxıb və səfərdə 3:1 hesablı qələbə qazanıb.

K.Souzanın ilkin təəssüratı artıq məlumdur. Kriştanu Ronaldonun həmyerlisi təyinatı rəsmiləşərsə, ciddi islahatlar aparacağını bildirib.

Onun fikrincə, hazırda düşərgədə yer alanların 80 faizi Premyer Liqada çıxış etmək səviyyəsində deyil. Yalnız 3-4 nəfəri bəyənib.

Portuqaliyalı bu qənaətdədir ki, ən azı 10-12 legioner alınmasa, «İmişli»ni elitada saxlamaq qeyri-mümkündür.

O. bura tək gəlməyib. Jorge Kasquila da onunla bərabərp olub. Sözügedən şəxs onun əsas köməkçisi sayılır.

Kristiano Souza 43 yaşındadır. Son olaraq Çexiyada çalışıb. Üçüncü liqada mübarizə aparan «Znojmo»da işləyib.

Məşqçi həyatına 2013-cü ildə başlayan mütəxəssis bu işə «Moreyrense»də «bismillah» eləyib.

Daha sonra «Leyxos Leyra», «Akadémiko Viseu», «Uniao Madeyra», «Jil Visente», «KCova Pyedade» və «Trofense»də gün keçirib.

Maraqlıdır ki, tez-tez klub dəyişməsinə rəğmən, o, yalnız «B» kateqoriyasına malikdir.

Bu da qəribədir ki, Souzadan fərqli, yardımçısı Jorge Kasquila cibində «Pro» lisenziyası gəzdirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti