“Mənə hansısa klubdan təklif gəlməyib, barəmdə deyilənlər yanlış məlumatdır. Hazırda heç bir kəslə də danışıq olmayıb, transfer iddiaları yalandır. Bütün diqqətim “Neftçi”dədir”.
Bunu “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov deyib.
21 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XIII turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib:
“Azarkeşlərimizin qarşısında oynayırdıq, bilirdik ki, bizi çox çətin oyun gözləyir. Hər oyuna qələbə üçün çıxırıq, bu oyuna da qələbə üçün çıxmışdıq. Əsas odur, buna nail olduq”.
Abbasov qarşılaşmanın ikinci hissəsində yaşanan gərginliklər barədə də danışıb:
“Məncə, 56-cı dəqiqədə Eren Aydının mənə dirsəklə zərbə yetirdiyi epizod qırmızı vərəqə idi, amma hakim sarı vərəqə çıxartdı. Yenə də heç nə deyə bilmərəm. Ümumiyyətlə, hakim qərarlarını müzakirə etməyi sevmirəm, heç bir etirazım da yoxdur. Deyəsən, oyunun sonunda gərginlik artdı. Dəqiq bilmirəm, çünki uzaqda idim. Amma bu, futboldur, belə hallar normaldır. Ümumiyyətlə, qarşılaşma həqiqətən gərgin keçdi”.
