"Neftçi"nin xilas yolu - Yuri Vernidub nə(lər) etməlidir?

21:00 Neftçi 306
"Neftçi"nin xilas yolu - Yuri Vernidub nə(lər) etməlidir?

Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümündə 16 turu əhatə edən birinci yarı arxada qaldı.

"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.

Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.

2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?

Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.

"Neftçi" ilə davam edirik...

"Neftçi" nə vaxt qayıdır" son illərin ən aktual sualıdır.

Amma cavab tapan tapılmır ki, tapılmır.

Ötən yay Bakı klubu yenə böyük ümidlərlə yola çıxmışdı.

Polşada əla toplanış təşkil olundu, heyətdə kütləvi dəyişikliyə gedildi.

Samir Abasov üçün istədiyi, arzuladığı hər cür şərait yaradıldı.

Amma yenə qayıtmaq mümkün olmadı.

Əslində təcrübəli mütəxəssis pis komanda formalaşdırmayıb. Keçirdiyi oyunlar da pis təsir bağışlamırdı.

Gah hakim qərarları, gah da şanssızlıq qələbə qazanmağın önünə sipər olurdu.

Zəlzələdən-vəlvələdən Abasovun da ikinci dönəmi uğursuz oldu. Xüsusilə "İmişli", "Karvan-Yevlax" kimi debütantlarla 3 görüşdə 1 qələbə belə qazana bilməmək rəhbərliyin səbr kasasını daşırdı.

Və son illərdə alışdığımız növbəti baş məşqçi istefası gerçəkləşdi.

Artıq Abasov yoxdur, "ağ qaralar" uğura Yuri Vernidub daşımalıdır.

Mövsümün birinci yarısını 20 xalla geridə qoyan kollektiv 8-ci sırada qərarlaşır.

Ölkə Kubokunda da mübarizəni dayandıran bakılıların lider "Sabah" və son çempion "Qarabağ"a çatması real deyil. "Tələblər" ilə arada 17, "kəhər atlar"la isə 16 xallıq böyük fərq var.

Amma bürünc medala ümid etmək olar. Düzdü, üçüncü pillədə yer alan "Zirə" ilə aradakı 8 xallıq fərqi də qapamaq asan deyil.

Amma mümkünsüz də görünmür.

Bunun üçün ukraynalı mütəxəssisə Birləşmiş Ərəb Əmirliklərində qış təlim-məşq toplanışı təşkil olundu.

Əlavə 200 min manat rüsum ödəməklə həmyerlisi Andrey Ştoqrin mövsümün ikinci yarısı üçün sifariş olundu.

Heyətdə ciddi zədəsi olan kimsə yoxdur.

Yaxşı toplanış və hamı sağlam yerindədir.

İndi qalır qələbələri ipə düzmək.

"Neftçi" yalnız bu yolla düşdüyü çətin vəziyyətdən xilas ola və iki illik aradan sonra avrokuboklarda ölkəmizi təmsil edə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti