«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Falaye Sakoya xəbərdarlıq edib.
Ukraynalı çalışdırıcı Malidən olan legionerə tənbəlliyin daşını atmağı tapşırıb.
Xatırladıb ki, onun gözündən heç nə yayınmır və gündəlik hazırlıq proseslərində var gücüylə çalışmasa, əsas heyətdə yerini itirəcək.
Təcrübəli çalışdırıcı bildirib ki, məşqlərə münasibəti xoşuna gəlmir və belə davam eləsə, böyük miqdarda cərimələnəcək.
Ümumiyyətlə, Yuri Vernidub adıçəkilən afrikalının “Neftçi”də perspektivini görmür.
Yeni sükançı Sakonun transferini səhv hesab edir. O, bu barədə öz fikrini klub rəsmiləri ilə görüşündə dilə gətirib.
Dekabrın 9-dan bəri burada çalışan mütəxəssis Samir Abasovun vaxtında kollektivə cəlb edilən sağ cinah müdafiəçisinin komandanın gücünə güc qatmadığı qənaətində olduğunu bildirib.
Vernidub qeyd edib ki, 30 yaşlı legioner mövsümün geridə qalan bölümündə özünü yaxşı tərəfdən göstərə bilməyib, əksinə, bir çox səhvləri ilə yadda qalıb.
“Neftçi” Mali millisinin üzvü ilə ötən ilin yayında 2+1 illik müqavilə bağlayıb.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də - “Monpelye”də keçirib.
O, Mali yığmasının 42 matçda meydana çıxıb, 2 qol vurub.
SPORTİNFO.AZ

