Yuri Verniduba yağlı bir “5”.
“Neftçi”nin “Kayrat”ı 3:0 məğlub edib, Misir “Piramids”i ilə 1:1-ə razılaşması ilə işim yoxdur.
Çünki komandanın əsl üzünü, nə dərəcədə yaxşıya doğru dəyişdiyini Premyer Liqada görəcəyik.
Ukraynalı çalışdırıcı “5”i Murad Məmmədova görə haqq edir. Azərbaycanlı balasına etimad göstərib riskə getdiyinə görə.
Əminliklə və çəkinmədən deyirəm, istənilən şəxslə də bu mövzuda mərc etməyə hazıram. Bugünkü Murad əcnəbi statusu ilə meydanda ayaq sürüyən, qol imkanlarını sağa-sola xərcləyən, ikili mübarizələrdə özünü qoruyan İmad Farajdan daha faydalıdır.
“Kayrat”la “Piramids”in qapılarına vurduğu qolları görənlər iddiamı təsdiqləyə bilər. Məmmədovun texniki bacarığına, soyuqqanlılığına heyran qaldım. Sanki aylardır ehtiyatda “çürüyən” uşaq deyildi.
Murada yoxlama matçlarında göstərdiyi oyuna və vurduğu qollara görə əhsən! Daha artığını edə biləcəyinə zərrə qədər də şübhəm yoxdur.
Amma bundan sonrakı mərhələ çox vacibdir. 21 yaşlı solaxay özünü sübut etməyi bacarmalıdır.
İndiyə qədər 1-2 oyunda gözə girib, sonradan gözdən itən o qədər azərbaycanlı görmüşük ki. Bir az xoş söz eşidən kimi ayağının altını görməyənlər bir müddətdən sonra arxayınlığın cəzasını çəkib və yox olub.
Murad hələ heç nə etməyib. Allah Vernidubu onun üçün göndərib. Baş məşqçi Məmmədovdakı potensiala biganə qala bilməyərək ona güvənməkdədir.
Məmmədov anlamalıdır ki, qanad açıb uçmağın, qolları ilə bədəni arasındakı məsafəni artırıb gəzməyin sonu acı nəticələnə bilər. Sadəliyini qorumalı, məşqlərdə daha çox çalışmalı, oyunlar zamanı tək özünü yox, həm də komanda yoldaşlarını düşünməlidir.
Hər matçda “mən qol vurmalıyam” düşüncəsi yersiz yanaşma olar. Hiss edirsənsə vur, yox, çətinlik duyursansa, ötürmə ver. Nə edirsə etsin, təki “Neftçi”yə fayda versin.
O de, Xəyal Əliyevlə Rüfət Abbasov. U-21-dəki inamlı oyuna görə əsas millinin üzvləri sayılırlar. Murad rejiminə, oturuş-duruşuna, məşqinə, oyununa diqqət yetirsə, sabah Xəyalla Rüfətin arxasınca gedəsək.
Əks halda, “Neftçi”nin idman dəsti ilə yenə ehtiyat oyunçular skamyasının tozunu təmizləmək məcburiyyətində qalacaq.
HƏBİB / SPORTİNFO.AZ

