Yuri Vernidub son qərarını verdi, “Neftçi” bütün təklifləri geri çevirdi

19:40 Neftçi 396
Yuri Vernidub son qərarını verdi, “Neftçi” bütün təklifləri geri çevirdi

Millinin qapıçısı Rza Cəfərov mövsümün qalan hissəsini də «Neftçi»də keçirəcək.

Saytımız bu haqda klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, bu gün onun məsələsinə tamamilə aydınlıq gəlib.

Yuri Vernidub 22 yaşlı kiperin düşərgədən ayrılmasına icazə verməyib.

Baş məşqçi «Qəbələ» və HİK-dən (Finlandiya) təklif alan «əlcək sahibi»nin gedişinə razılıq verməyib. Ukraynalı çalışdırıcının fikrini əsas götürən rəhbərlik artıq bütün dəvətləri geri çevirib.

“Transfermarkt”da 700 min avro dəyəri olan qolkiperin bakılılarla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Əvvəlki iki mövsümdə “Neftçi”nin əsas heyətinin dəyişməz üzvlərindən olan Cəfərov ötən yay Kenan Piriçin transferindən sonra ehtiyat oyunçu statusu ilə barışıb.

O, cari mövsümdə rəsmi matçda debüt etməyib.

Piriç isə təzəlikcə yeni təkliflər alıb, bu üzdən tezliklə Azərbaycanı tərk edə bilər.

Bosniya və herseqovinalı qapıçı bu barədə klub funksionerlərini məlumatlandırıb. Balkanlı kiper Türkiyə, Səudiyyə Ərəbistanı və Avropanın bəzi ölkələrindən ona bəzi dəvətlər gəlməsi haqda danışıb.

Bildirib ki, onlardan birini dəyərləndirməyi düşünür. Piriç danışıqlar aparmaq üçün icazə istəyib.

Bu, «Neftçi» rəsmilərində panika yaratmayıb. Əksinə, bosniyalının gözlənilən ayrılığı Yuri Vernidubun ürəyincə olacaq.

Baş məşqçi adıçəkilən «əlcək sahibi»nin daha burada qalmasını arzulamır. Piriçin «Neftçi» formasıyla keçirdiyi əvvəlki oyunların hamısını incələyən baş məşqçi müsbət rəyə gəlməyib.

Ukraynalı çalışdırıcı artıq bu barədə idarəçilərlə fikir mübadiləsi aparıb. Bildirib ki, Piriç inamlı təsir bağışlamır və buraxılan qollarda səhvlərlə yadda qalıb.

«Ağ-qaralar» 31 yaşlı «əlcək sahibi» ilə 2 illik müqavilə imzalayıb. Vernidub «Antalyaspor»dan gəlmiş əcnəbinin kontraktına qarşılıqlı razılıq əsasında xitam verilməsi təklifi ilə çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti