“Neftçi”nin əsl dərdi Əbu-Dabidə üzə çıxdı

19:40 Neftçi 537
“Neftçi”nin əsl dərdi Əbu-Dabidə üzə çıxdı

“İmişli”yə məğlub olan komandanın Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan “Kayrat”a 3 cavabsız top vurduğunu təsəvvür edirsiniz?

“Turan Tovuz”, “Sabah”, “Qarabağ” kimi əsas rəqiblərinə uduzub, “Karvan-Yevlax”a bərabərə qalan komandanın Misir çempionatının 2-si pilləsində qərarlaşan “Piramids”lə heç-heçə oynadığını (1:1) düşünə bilirsiniz?

“Neftçi”dən bəhs edirəm.

Premyer Liqanın 16 turunda cəmi 4 qələbə qazanan, rəqib qapılarına 20 top vurub, öz qapısından 17-sini buraxan, baş məşqçisini dəyişən, nəhayət, qış fasiləsinə 12 komanda arasında 8-ci pillədə yollanan “Neftçi”dən.

Bu komandanın qol vurmaq potensialı yoxdursa, 2 yoxlama görüşündə rəqib qapılarına 4 dəfə yol tapmağı necə bacardı?

Bu komandanın müdafiə xətti bərbaddırsa, 2 oyunda niyə məhz 1 dəfə cəzalandırıldı?

“Kayrat”ı meydana çıxmağa peşman edib, “Piramids”i qapısına sıxışdıran “Neftçi” olmadımı?

Hə, demək ki, komandanın gücü və potensialı avrokuboklara vəsiqə verən yerlərdən birini tutmağa imkan verir. Demək ki, yayda cəlb olunan futbolçularla yaxşı nəticələr qazanıb azarkeşləri sevindirmək olar.

“Neftçi”nin problemi nə məşqçilərdir, nə futbolçular, nə də şəraitsizlik.

“Neftçi”nin ən böyük problemi psixoloji durumdur. Komanda üzvləri qələbə qazanmamaqdan qorxur, oyunlara təzyiq altında çıxır, “bu dəfə xal itirsək, nə olacaq?” sualını ağıllarından ata bilmirlər.

Məşqlərdəki tapşırıqları oyun zamanı yerinə yetirə bilməməyin, 3 metrdən topu kənara vurmağın, rəqib hücunları zamanı müdafiəçilərin tir-tir əsməsinin başlıca səbəbi gərginlik və qorxudur.

“Neftçi” uğur qazanmaq istəyirsə, taktiki, texniki, fiziki tapşırıqların doğru-düzgün yetirilməsindən əvvəl meydana rahat çıxmalıdır. İtirmək qorxusu rədd edilməlidir. Yekunda nə olacaq deyə yox, qarşıdakı oyun barədə düşünmək lazımdır.

Əbu Dabidəki matçlardakı sərbəstliyi Premyer Liqaya daşıya bilsələr, oyun da olacaq, nəticə də.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti