Belarus mətbuatı “Neftçi”yə aid şok, eyni zamanda, qəribə iddia ilə çıxış edib.
Yerli həmkarlarımız erməniəsilli belaruslu futbolçu Karen Vardanyanın Bakı klubunun transfer siyahısında yer alması xəbərini yayıb.
Bildirilib ki, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir.
Soliqorsk “Şaxtyor”unun sabiq çalışdırıcısı 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dönəmdən tanıyır. Lakin “Neftçi” ilə yanaşı, Vardanyan yetirməsi olduğu “Vitebsk”in də gündəmindədir.
Vardanyan 2025-ci il mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 10 qolla “Dinamo”nun ən məhsuldar oyunçusu olub.
“Neftçi“nin media üzrə koordinatoru Rüstəm Əfsərli yayılan informasiya ilə bağlı Sportinfo.az-a açıqlama verib, qeyd olunan iddianı absurd adlandırıb:
“Ümumiyyətlə, son vaxtlar müxtəlif mənbələrdə, xüsusən Ukraynvə və Belarus mətbuatında «Neftçi» ilə bağlı çox adlar çəkilir.
Bunların heç birinin həqiqətlə yaxından və uzaqdan əlaqəsi yoxdur. Azarkeşlərimiz bu cür informasiyalara inanmasınlar.
Bu transfer xəbərləri bəzən əsassız, bəzən absurd xarakter daşıyır. «Neftçi»nin adına layiq olmayan, kluba yaraşmayan futbolçuların adları çəkilir.
Bu, həmin xəbərləri yayanların şəxsit məqsədləri üçündür“.

