“Mən bura öz oyunumla faydalı olmaq üçün gəlmişəm.
Hədəfə çatmağımız üçün məşqlərdə və oyunlarda əlimdən gələni edəcəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri İfeanyi Metyu deyib.
28 yaşlı yarımmüdafiəçi “Neftçi”dən təklif alanda kimə zəng etdin, kiminlə məsləhətləşdin” sualına cavabında bunları söyləyib:
“Xeyli vaxtdır Azərbaycanda yaşayan dostum var. Futbolçu deyil, sadəcə, uzun illərdir burada yaşayır, hər şeydən xəbərdardır.
Onunla söhbət etdim, maraqlandım. Ölkə və çempionat barədə mənə ən yüksək fikirləri söylədi.
Bu günə kimi gördüklərimdən qətiyyən peşman deyiləm”.
Paytaxt təmsilçisi nigeriyalı ilə ötən ilin sentyabrında 1+1 illik müqavilə imzalayıb.
Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb.
Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

