Qış hazırlığını Birləşmir Ərəb Əmirliklərində keçən “Neftçi”də üzlər gülür.
“Ağ-qaralar” Əbu Dabidakı ilk yoxlama matçında Qazaxıstanın son çempionu “Kayrat”ı darmadağın etdi – 3:0.
Hazırda kollektivdə yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyə bilərik.
Lakin müdafiənin mərkəzi ilə bağlı problem hələ də qalmaqdadır.
Baş məşqçi Yuri Vernidub həmin mövqedə Elvin Bədəlov, Murad Xaçayev və İqor Ribeyronun ümidinə qalıb.
Böyük ümidlər bəslənən braziliyalının kobud səhvləri ona olan inamı xeyli azaldıb. Elvin də hər dəfə gözlənilən oyunu sərgiləmir. Üstəlik, mövsümün ikinci yarısında zədə və cəza riskləri də qaçılmaz deyil.
“Neftçi”də mərkəz müdafiəçisinə son dərəcə ehtiyac var. Hədəfə çatmaq üçün arxa xəttin gücləndirilməsi mütləqdir. Vernidubun özü də bunda maraqlıdır.
Lakin klubun maliyyə durumu buna imkan vermir. Mövsüm üçün ayrılan büdcə yayda artıqlaması ilə xərclənib. Xəzinədə “qara qəpik” də qalmayıb.
Yeni futbolçu gətirmək üçün kimisə yola salmaq lazımdır ki, heç kim getmək istəmir. Daha doğrusu, yola salınan futbolçuya təzminat ödəmək lazımdır.
Odur ki, “Neftçi”də yeni futbolçu mövzusu qapanıb. Qış fasiləsində transfer gerçəkləşməyəcək, heç kimi almayacaqlar.
Bu, azı yaya qədər belə davam edəcək.
HƏBİB / SPORTİNFO.AZ

