“Neftçi”nin “Şaxtyor”un yarımmüdafiəçisi Dmitri Topalovla maraqlanması barədə yaydığımız xəbər Ukrayna mətbuatında geniş rezonans doğurub.
Saytımızın ilk dəfə tirajladığı informasiyanı təsdiqləyən yerli jurnalistlər təsdiq edib ki, tərəflər arasında artıq danışıqlar başlayıb.
Paytaxt təmsilçisinin 27 yaşlı futbolçuya ilkin olaraq 6 aylıq müqavilə təklif etdiyi bildirilir.
Qeyd olunur ki, əgər Topalovun oyun performansı gözləntiləri qarşılayarsa, ona bir illik müqavilə təklif olunacaq.
Məlumata görə, komandanın baş məşqçisi Yuri Vernidub bu transferə maraqlıdır və rəhbərliyə oyunçu barədə müsbət rəy verib.
“Neftçi”dən əldə etdiyimiz son informasiyaya görə, Topalovla kontrakt şərtləri böyük ölçüdə razılaşdırılıb.
Son olaraq ölkəsində LNZ-in şərəfini qorumuş orta sahə oyunçusu elə də çox olmayan maaş qarşılığında ağ-qara formanı geyinməyə «hə» deyib.
İndi burada əsas problem onun Ukrayna ərazisini tərk etməsidir. “Neftçi” rəhbərliyi xüsusi icazə almaq məqsədilə yerli hökümət dairələri ilə əlaqə qurub.
SPORTİNFO.AZ


