O, “Neftçi”ni “yıxmaq”dan ötrü bu kluba gəlib?

21:20 Neftçi 447
O, “Neftçi”ni “yıxmaq”dan ötrü bu kluba gəlib?

Ötən mövsümün başa çatmasına sayılı günlər qalmış yazı yazmışdım.

Ki, Samir Abasov “Neftçi”nin müdafiə xəttini gücləndirmək istəyirsə,iki ayağını bir başmağa dirəyib İqor Ribeyronun “Araz-Naxçıvan”dan transferinə nail olmalıdır.

Braziliyalı arxa xətt oyunçusu o dönəmdə çempionatın ən etibarlı müdafiəçilərindən hesab olunurdu. Müdafiənin mərkəzində ağalıq edir, bəzən sol cinahdakı boşluğu doldurur, yeri gələndə hücumların qurulmasında yaxından iştirak edirdi.

Möhtəşəm idi, sadəcə, möhtəşəm. Rəqib hücumçular qarşısında İqoru görəndə tir-tir əsirdilər.

“Neftçi” müəyyən təzminat qarşılığında onu “Araz-Naxçıvan”dan qoparıb 2 illik sözləşməyə imza atdı. “Sambaçı”ya xərclənən və xərclənəcək ümumi vəsait milyon manatdan çoxdur.

Amma o, nə edir?

“Neftçi” üçün qəbirqazan rolunu oynayır, cəlladlıq edir.

Əvvəlki Ribeyrodan əsər-əlamət qalmayıb. Başı pulları saymağa qarışıb, içki məclislərindən ayıla bilmir, “Neftçi”nin uğuru vecinə deyil – babal yuya bilmərəm, səbəb(lər) hər nədirsə özünü və komandasını uçuruma aparır.

Çempionatın geridə qalan 16 turunda vermədiyi hoqqa qalmayıb. “Ağ-qaralar”a kömək etmək əvəzinə, azarkeşlərin əsəbləri ilə oynayır.

“Turan Tovuz”la ilk dövrədəki qarşılaşmada yersiz “qırmızı” alıb “Neftçi”ni pis vəziyyətdə qoyması azmış kimi, növbəti 3 turu kənardan izlədi.

“Sumqayıt”la 2:2 başa çatan görüşdə topu kənara vurmaq əvəzinə, sanki rəqib hücumçudan acıq çıxırmış kimi “dəri kürə”ni Aleksandr Ramalinqomun üstünə vurub, epizodun davamında sumqayıtlıların hesabı bərabərləşdirməsinə səbəbkar oldu.

“Karvan-Yevlax”la səfər oyununda lazımsız vəziyyətdə cərimə meydançası daxilində rəqibin üzünə zərbə endirib öz qapısına penalti yaratdı və Araz Abdullayev hesabı açdı.

Bunlar yadda qalan epizodlardır. Dərinə getməli olsaq, azı 10 kobud səhvini tapmaq olar.

Öz mövqeyindəki rəqabətsizlik İqoru “at oynatmağa” məcbur edir. Bilir ki, ehtiyatda oturmayacaq. Otursa belə, problem yaranacaq, ya da yaradacaq.

“Neftçi” müdafiə xəttini səhmana salmaq istəyirsə, hamıdan əvvəl Ribeyrodan başlamalıdır. Onu düz yola gətirmək mümkün olmasa, xərclənən pullar havaya sovrulacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti