«Səbail»in sabiq baş məşqçisi Cavid Hüseynov «Neftçi»də işləyə bilər.
Beş ay çalışdırdığı Bayıl klubunun sükanı arxasından bu ilin martında ayrılan mütəxəssis «ağ-qaralar»dan təklif alıb.
Paytaxt təmsilçisi ona Yuri Vernidubun korpusunda yer almaq fürsəti yaxalayıb. Hüseynov ukraynalı ilə işləməyə həvəslidir, hazırda tərəflər arasında müqavilə şərtləri müzakirə olunur.
Bu praktika ona yaxşı tanışdır. 2023-2024-cü illər aralığında «Turan Tovuz»da Kurban Berdiyevin yarıdmçısı vəzifəsini yerinə yetirib.
O, bir neçə aydır ki, qeyri-rəsmi olaraq «Cəbrayıl»da fəaliyyət göstərir. I Liqada mübarizə aparan komandaya gündəlik məşq prosesini özü keçir.
Yaxınlarda “Neftçi” ilə 1,5 illik müqavilı bağlamış Vernidubun korpusunda hazırda 6 nəfər var. O, Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokini özüylə bura gətirib.
Samir Abasovla çiyin-çiyinə çalışmış fiziki hazırlıq üzrə mütəxəssis İvan Yovanovski və onun assisenti də işində saxlanılıb.
Gələn ilin yanvarından isə Fuad Əsədov onlara qoşulacaq. “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun oğlu qapıçılar üzrə köməkçi funksiyasını yerinə yetirəcək.
SPORTİNFO.AZ


