Azərbaycanda bəzi futbol matçlarının süni meydanda oynanılması ilə bağlı narazılıqlar uzun illərdir davam edir.
Bu haqda həm komandaların məşqçiləri, həm də futbol mütəxəssisləri dəfələrlə fikirlərini bildirib.
Xüsusən belə keyfiyyətsiz meydançaların futbolçuların zədələnməsi riskini artırdığı faktdır. Amma buna baxmayaraq, problem həllini tapmır.
Sportinfo.az xəbər verir ki, “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub süni qazonun əleyhinədir.
O, bu haqda fikrini “Karvan”la Yevlaxda - süni meydança üzərində keçirilən oyundan sonra bildirib. 59 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçın ardından bu haqda danışıb.
Yevlaxdakı stadionun süni örtüyü barədə fikirlərini bildirən baş məşqçi maraqlı müqayisə aparıb. O, Ukraynada belə meydançalarda peşəkar futbola icazə verilmədiyini, lakin Azərbaycanda bunun normal qarşılandığını qeyd edib.
Vernidub komandasının təbii otda məşq etdiyini əsas gətirərək zədə riskinə görə oyundan bir gün əvvəl Yevlaxda məşq etmək təklifindən imtina etdiyini söyləyib.

