«Neftçi»nin yeni baş məşqçisi Yuri Vernidub komandanın orta boy həddinə təəccüblənib.
Ukraynalı çalışdırıcı düşərgəyə yığılan bəstəboy oyunçuların çoxluğuna heyrətini gizlədə bilməyib.
Müasir futbolda bu kimi hallara az-az rast gəlindiyini söyləyib.
Klub rəsmiləri ilə bu mövzuda fikir mübadiləsi aparan mütəxəssis qeyd edib ki, əksər yerlərdə müdafiə və yarımmüdafiə xətti atletik keyfiyyətli futbolçulara üstünlük verilir. O da bu tip oyunçularla işləməyi xoşladığını söyləyib.
Vernidub istər ölkədaxili, istərsə də beynəlxalq arenada uğur qazanmaqdan ötrü belə məqamlara diqqət yetirməyin vacib olduğunu vurğulayıb.
«Şerif»i Çempionlar Liqasına yüksəltmiş sükançının fikrincə, onlar fiziki cəhətdən daha hazırlıqlı və iradəli olur, ikili mübarizələrə girişməyə çəkinmir, «ikinci mərtəbə»də uduzmur.
«Neftçi» üzləşdiyi çətinlikərdən xilas olmaq, uğur qazanmaq və bunun uzun müddət davam etməsini istəyirsə, transfer siyasətinə yenidən baxmalıdır.
Bu da Yuri Vernidubun rəyidir.
Yaxınlarda paytaxt təmsilçisinin başına keçən ukraynalı düşərgədə gördükləriylə bağlı fikrini bildirib, islahatlar aparmağın zəruri olduğunu bildirib.
59 yaşlı mütəxəssisin gəldiyi qənaətə görə, mobil komanda yaratmağın yolu orta yaş həddini aşağı salmaqdan keçir. O, sərəncamındakılar arasında xeyli yaşlı oyunçuya rast gəldiyini söyləyib.
Qeyd edib ki, yaşı 30-u keçən futbolçuların heç də hamısı ideal formada deyil və onlardan çox şey gözləməyə dəyməz.
Necə deyərlər, kimi futboldan «doyub», kiminin «motor»u çəkmir, kimi də xroniki zədədən əziyyət çəkir.
Vernidub «təmizləmə siyasəti»ni mərhələ-mərhələ həyata keçirməyi vacib sayır.
Bakılılarla 1,5 illik müqavilə bağlamış çalışdırıcı bu qənaətdədir ki, heyəti tədricən gəncləşdirməklə onlarla tələbləri yüksəltmək mümkündür.
SPORTİNFO.AZ

