«Neftçi» üzləşdiyi çətinlikərdən xilas olmaq, uğur qazanmaq və bunun uzun müddət davam etməsini istəyirsə, transfer siyasətinə yenidən baxmalıdır.
Bu, Yuri Vernidubun rəyidir.
Yaxınlarda paytaxt təmsilçisinin sükanı arxasına keçən ukraynalı düşərgədə gördükləriylə bağlı fikrini bildirib.
Baş məşqçi klub rəsmiləriylə söhbətində ilkin təəssüratlarını dilə gətirib, islahatlar aparmağın zəruri olduğunu bildirib.
59 yaşlı mütəxəssisin gəldiyi qənaətə görə, mobil komanda yaratmağın yolu orta yaş həddini aşağı salmaqdan keçir. O, sərəncamındakılar arasında xeyli yaşlı oyunçuya rast gəldiyini söyləyib.
Qeyd edib ki, yaşı 30-u keçən futbolçuların heç də hamısı ideal formada deyil və onlardan çox şey gözləməyə dəyməz.
Necə deyərlər, kimi futboldan «doyub», kiminin «motor»u çəkmir, kimi də xroniki zədədən əziyyət çəkir.
Vernidub «təmizləmə siyasəti»ni mərhələ-mərhələ həyata keçirməyi vacib sayır.
Bakılılarla 1,5 illik müqavilə bağlamış çalışdırıcı bu qənaətdədir ki, heyəti tədricən gəncləşdirməklə onlarla tələbləri yüksəltmək mümkündür.
SPORTİNFÖ.AZ

