“Neftçi” - “Fatihə”ni verməyin vaxtı çatacaq?

11:40 Neftçi 309
“Neftçi” - “Fatihə”ni verməyin vaxtı çatacaq?

Bu gedişlə “Neftçi” ardıcıl üçüncü il avrokuboklara vəsiqəsiz qalacaq.

Hadisələrin indiki axarı başqa cür düşünməyə imkan vermir. İtirə-itirə gedən, son 5 matçda qələbə üzünə həsrət qalan “ağ-qaralar” əsas rəqiblərindən xeyli uzaq düşüb.

Lakin şanslar tükənməyib, iynənin ucu qədər olsa da, var. Obrazlı dildə desək, “Neftçi” dənizdə batmamaq üçün saman çöpündən yapışıb.

O çöpün əldən çıxmaması üçün “Karvan-Yevlax” üzərində qələbə mütləqdir. İlin son oyununda fasiləyə xoş əhval-ruhiyyədə yollanmaq və qış hazırlıq mərhələsində pozitiv notda məşq etmək üçün xalların sayını 20-yə çatdırmaq mütləqdir.

Bakılıların avrokuboklara vəsiqə uğrunda rəqiblərindən “Turan Tovuz” ilin son görüşünü “Kəpəz” üzərində qələbə ilə başa vurdu.

“Zirə”nin “İmişli”, “Qarabağ”ın “Qəbələ”, “Araz-Naxçıvan”ın “Şamaxı”, “Sabah”ın “Sumqayıt”la qarşılaşmalarda 3 xala sevinməsi kifayət qədər real görünür. Yəni indiki məqamda favorit bütün cütlərin birinciləridir.

“Neftçi” 15 turdan sonra 17 xalla 8-ci pillədə qərarlaşıb ki, 3-5-cü yerlərdə olan komandalardan 10 xal geri qalır. Lider “Sabah”la 17, 2-ci pillədəki “Qarabağ”la 16 xallıq fərq yaranıb.

“Karvan-Yevlax”ı udmaq mümkün olmasa, xal fərqi əməlli-başlı şişəcək, çempionatın geridə qalan 17 turunda aradan qaldırılması mümkünsüz görünən həddə çatacaq.

Odur ki, Yevlax təmsilçisi ilə qarşılaşma sonuncu şans dəyərindədir. Bakılılar ilk dövrədə öz meydanında uda bilmədiyi komanda ilə dueldə bu dəfə də xallar itirsə, “fatihə”ni verməyin vaxtı çatacaq.

Fasiləyə 17-18 xalla yollanan komandanın yanvardan sonra nəsə etmək istəyi arzu olaraq qalacaq. Bu oyundakı mümkün qələbə prosesləri başdan-ayağa dəyişə bilər.

Baxaq, görək...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti