“Neftçi” 65-70 dəqiqə ərzində meydanda əsl futbol göstərdi. Bu müddət ərzində komandamızın qapısı qarşısında heç bir təhlükə yaşanmadı.
Azı daha 3 qol vura bilərdik. Qalib gəlməməyimizin əsas səbəbi də budur”.
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub “Sumqayıt”la 2:2 hesabı ilə başa çatan matçdan sonra oyunla bağlı fikirlərini bu şəkildə səsləndirib.
Bura qədər hər şey əla, hər şey mükəmməldir. Ukraynalı çalışdırıcı oyunu izləyənlərin gördüklərini açıq şəkildə dilinə gətirib.
Çıxışının davamına diqqət edək:
“Son 20 dəqiqəni futbolçularımız çox yorğun keçirdilər. Fiziki olaraq gücümüz çatmadı”.
Vernidub bu iki cümlə ilə oxun səmtini dəyişdirib, qələbənin əldən çıxmasının günahını əvvəlki baş məşqçi Samir Abasova yükləməyə çalışıb.
Futbolçularla müsahibəyə yollandığım üçün mətbuat konfransında iştirak etmək imkanım olmamışdı.
Məhz bu səbəbdən “Şerif”in “sükanı” arxasında “Real Madrid” üzərində qazanılan qələbə sayəsində ad çıxaran baş məşqçiyə bir neçə sualı saytımızın vasitəsilə ünvanlamaq istəyirəm.
- Yuri Nikolayeviç, ilk hissədə qaçırılan 4-5, hesab 2:0 xeyrinizə olanda boşa verilən iki 100 faizlik qol şanslarının günahkarı kimdir?
- Yuri Nikolayeviç, hesab 2:0 olanda “Neftçi”nin futbolçularındakı arxayınlıq kimdən, haradan qaynaqlanırdı? Bunu aradan qaldırmalı olan adam kim idi?
- Yuri Nikolayeviç, komandanız hesabı 3:0 etsəydi, vəziyyət necə olacaqdı? Fiziki hazırlığın qaydasında olmamasından şikayət edəcəkdiz?
- Yuri Nikolayeviç, “Sumqayıt” bərabərlik qolunu vurmamışdan 3 saniyə əvvəl İqor Ribeyronun topu kənara vurmaq əvəzinə, bilərəkdən rəqib futbolçu Aleksandr Ramalinqom üstündə vurub, qola səbəbkar olmasının adı nədir?
- Yuri Nikolayeviç, həmkarınız Saşa İliçin əvəzetmələri özünü artıqlaması ilə doğrultduğu halda, sizin əvəzetmələriniz niyə komandanıza fayda vermədi?
- Yuri Nikolayeviç, komandanızda əsas problem fiziki hazırlığın aşağı olmasıdırsa, sizə qədər olan dönəmdə - ilk dövrədəki matçlarda azlıqda qalan “Neftçi” “Turan Tovuz”u son saniyəyə qarşı qapısına sıxışdırmağı hansı güclə bacarmışdı? “Sabah”la, “Karvan-Yevlax”la görüşlərdə 90 dəqiqə ərzində rəqib qapısı önündə təhlükəli vəziyyətləri necə yaratmışdı? Bu komanda “Zirə”ylə görüşdə hesabda 0:1 geri olduğu halda, sona yaxın 2 qol vurmağa necə nail olmuşdu?
Biz bilirik, deyim, siz də bilin.
“Neftçi”nin problemi futbolçuların imkanlarından aşağı çıxış etməsi, İmad Faraj kimi mübarizələrdən yayınan futbolçuya sahib olması, qol imkanlarını sağa-sola xərcləməsi, vacib anlarda müdafiədə həlledici səhvlərə yol verməsidir.
Komanda ruhən çöküb. Bu dəqiqə “Neftçi” Premyer Liqanın ən inamsız komandasıdır. Hətta “Karvan-Yevlax”la “Kəpəz” kimi autsayderlər belə, komandanızdan daha istəkli və həvəsli görünür.
“Neftçi”nin geridə qalan 15 turda boşa verdiyi qol fürsətlərini və müdafiədəki səhvləri bir yerə yığsan, sənədli film düzəltmək olar.
Əsl problemi siz də yaxşı bilirsiniz. Onların həllinə çalışın ki, yekunda azarkeşləri sevindirmək mümkün olsun.
İndidən günahı əvvəlki baş məşqçinin üstünə atmaqla, bir müddət keçəndən sonra transferlərin yarıtmaz olduğu deməklə uğura çatmağınız mümkün olmayacaq.
Bu nağıllar artıq keçərli deyil.
HƏBİB / SPORTİNFO.AZ

