"Neftçi"yə qol vuranda içimdən sevinmək gəlmirdi"

5 İyul 00:40 Neftçi 959
"Neftçi"yə qol vuranda içimdən sevinmək gəlmirdi"

Son iki mövsümü “Şamaxı”da keçirən və "Neftçi"yə qayıdan Rəhman Hacıyev klubun rəsmi saytının suallarını cavablandırıb.

Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Müqavilə ilə “Neftçi”yə məxsus olsanız da, son iki mövsümü “Şamaxı” klubunda keçirmisiniz. Yenidən ağ-qara formanı geyinməyinizlə bağlı təəssüratlarınızı bilmək istərdik...

- 2 ildən sonra “Neftçi”yə qayıtdığım üçün sevinirəm. Başqa komandanın heyətində “Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi. Düzdür, keçmiş komandamın qələbəsi üçün əlimdən gələni edirdim, amma “Neftçi”yə qol vuranda içimdən sevinmək gəlmirdi. Komanda dəyişmək, ora uyğunlaşmaq asan deyil. Amma mən 6 il burada oynadığım üçün “Neftçi”nin necə böyük klub oldunu yaxşı bilirəm, komanda üzvlərinin çoxunu yaxşı tanıyıram. Buna görə də “Neftçi”yə qayıtdığım üçün çox xoşbəxtəm.

- Artıq təlim-məşq toplanışının ikinci mərhələsi başlayıb. Yeni baş məşqçi və köməkçilərinin rəhbərliyi altında yeni mövsümə hazırlıq necə gedir?

- Hazırlıq çox yaxşı davam edir. Məşqlərə hələ Bakıda olarkən başlamışdıq ki, bu bizim üçün üstünlükdür. Çünki daha tez güc yığmaq, daha tez hazır olmaq çox önəmlidir. Baş məşqçi və köməkçiləri çox güclü mütəxəssis və gözəl insanlardır. Çox yaxşı məşq keçirlər. Bunu hazırlıq prosesində görürük. Hamımız həvəslə, istəklə çalışırıq. Bunlar çox önəmlidir.

- "Neftçi”yə uyğunlaşmaqda çətinlik çəkmirsiniz? Necə düşünürsünüz, əsas heyətdə şans qazanmaq üçün komanda yoldaşlarınızla rəqabətdə üstün ola biləcəksiniz?

- Komandaya uyğunlaşmaq mənim üçün çətin olmadı. Çünki bayaq qeyd etdiyim kimi, 6 il bu komandanın formasını geyinmişəm və buradakı futbolçuların çoxunu yaxşı tanıyıram. Bəziləri ilə əvvəllər bir yerdə oynamışıq, bəziləri ilə çempionat matçlarında görüşmüşük. Əsas heyətdə yer almağa gəlincə, bu həm də məndən asılıdır. Daha çox çalışacağam, komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm. 2 ildən sonra bura çox böyük məqsədlə qayıtmışam. İnşallah, bu mövsüm məqsədimə çataram, arzum gerçəkləşər.

- Komanda Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. “Neftçi”nin bu mövsüm avrokuboklardakı çıxışından nə gözləyirsiniz?

- “Aris” yaxşı komandadır. Kipr təmsilçisi ilə oyuna çox ciddi hazırlaşırıq. İnanıram ki, qələbə qazanıb mərhələ adlayan tərəf biz olacağıq.

Digər Xəbərlər
Xəbər Lenti