Abasovun cavabını verdi, "Neftçi"dən pis danışmamışam, danışmayacam" dedi

22 Aprel 2021 17:20 Neftçi 1 284
Abasovun cavabını verdi, "Neftçi"dən pis danışmamışam, danışmayacam" dedi

"Neftçi"nin keçmiş baş məşqçisi Füzuli Məmmədov Samir Abasovun "Neftçi" Tv-də dediyi "Mən komandanı götürəndə Emin Mahmudov, Sabir Buqrin meydana çıxmaq istəmirdi. Futbolçular komandadan getmək istəyirdi" fikrinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, özündən sonra komandanın sükanı arxasına keçən həmkarının açıqlamasını düzgün hesab etməyib:

"Təzə gələn məşqçinin keçmiş məşqçi haqqında mənfi, pis fikir söyləməsi yaxşı hal deyil. Mən Azərbaycanda heç bir yerdə belə şey görməmişəm.

Onun belə fikir söyləməsi xoşuma gəlmədi. Yaxşı hal deyil. Bəli, "Qarabağ"a məğlub olduqdan sonra hər kəs gərgin idi. İlk növbədə də mən.

Belə olmasaydı, istefa verməzdim. Heç vaxt "Neftçi" haqda pis danışmamışam, danışmayacam da. Çünki bu klub işlədiyim dövrdə mənə nələrsə verib.

O oyundan sonra komandada ruh düşkünlüyü ola bilər. Amma futbolçular meydana çıxmaq istəmirdilər, komandadan getmək istəyirdilər demək düzgün deyil.

Emin Mahmudovun adı hallanır. Emini yaxşı tanıyıram. Onun tərbiyəsinə, insani keyfiyyətlərinə yaxşı bələdəm.

Heç vaxt inanmaram ki, Emin mənim haqqımda pis fikir deyər. Emin təcrübəli, atdığı hər bir addımı bilən futbolçudur. Mən çalışdığım müddətdə hər zaman futbolçularla münasibətim normal olub.

Məncə məşqçi həmin situasiyanı düzgün dəyərləndirməyib. Qabarıq şəkildə demək ki, sanki komanda dağılırdı, düzgün deyil. Turnir cədvəlində "Qarabağ"la xal fərqimiz mimimum idi.

Çempionat təzə başlamışdı, kubok oyunları var idi. Digər tərəfdən dəfələrlə idman verilişlərində şərhçi kimi çıxış etmişəm.

Heç vaxt azərbaycanlı məşqçilər haqqında mənfi fikir söyləməmişəm. Bütün klublarda məşqçi dəyişikliyi olur.

Amma kim pis fikir söyləyib? Götürək Ayxan Abbasovu. "Sumqayıt"a gələndə vəziyyət elə də xoş deyildi. Yaxud Zaur Həşimov "Zirə"yə gələndə əvvəlki məşqçi haqqında pis fikir dedi? İstəmərəm belə hallar olsun.

Əmin olun ki, "Neftçi"də işlədiyim müddətdə bütün biliyimi, bacarığımı ortaya qoymuşdum. Mən fədakar insanam. Ən yaxşısını etməyə çalışdım. Komanda ikinci yeri qazandı.

Qarşımızda məqsəd Avroliqada iştirak etmək idi, buna nail olduq. Birinci mərhələni keçdik. Durum istədiyimiz kimi deyildi. Yeni futbolçular almışdıq.

Pandemiyaya görə futbolçular 5-6 ay oyun praktikasından geri düşmüşdülər. "Qalatasaray"la ev oyununda 1-3 məğlub olsaq da, bütün futbol mütəxssisləri gördü ki, layiqli mübarizə apardıq.

Ola bilsin ki, yeni gələn baş məşqçi psixoloji durumdan danışmaq istəyib. Ola bilsin hansısa futbolçu yaxınlaşıb psixoloji durumdan şikayət edib.

Məşqçinin işi onu motivsiya etmək, futbolçunun da işi oynamaqdır. Heç bir futbolçu "Neftçi" adından üstün deyil. Getmək istəyən gedə bilər.

Onlar fəxr eləməlidir ki, "Neftçi" forması geyinirlər. O forma dəyərlidir, tarixi var. O köynəyi elə futbolçular geyinib ki, onları dünya tanıyır. Düşünürəm ki, məşqçi fikirlərini düzgün çatdırmadı".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!