Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalarımızın rəqibləri bəlli oldu.
Avrokubok təmsilçilərimizin çıxışı barədə hamı yazdığı üçün mən bu məsələyə toxunmayacam.
Hamısına avrokuboklarda uğurlar arzulayıram!
Mənim diqqətimi başqa məsələ çəkdi. “Zirə”nin rəqibi bəlli olan kimi sosial şəbəkələrdə paylaşımlara yazılan şərhlər məni dəhşətə gətirdi.
Təsəvvür edin, şərh yazanların 90 faizi rəqib “Torpedo”ya uğurlar arzulayır, “Zirə”ni isə təhqir edir. Sanki “Zirə” ölkəmizi yox, bizə düşmən olan hansısa başqa ölkəni təmsil edir.
Səbəb də hamıya bəllidir. “Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılması və onun yerinə “Zirə”nin avrokuboklarda çıxış etməsi ilə bağlı azarkeşlər onları günahkar hesab edir.
Hətta baş verənlərin məhz “Zirə” tərəfindən həyata keçirildiyi, UEFA-ya məlumatın bu klub tərəfindən verildiyi düşüncəsindədirlər.
İki komandanın azarkeşləri arasında ciddi gərginlik yaranıb. Bu komandaların növbəti mövsümdə Premyer Liqada qarşılaşmalarını indidən təsəvvür etmək olar. “
Zirə”nin Tovuz səfərində nələrin baş verəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Mənə maraqlı olan məsul şəxslərin və qurumların niyə susmasıdır.
Yenə hər şeyi medianın etməyini istəyirsiniz? Yoxsa ixtişaşların baş verməsini, azarkeşlərin bir-biri ilə qarşıdurmaya girməsini izləmək istəyirsiniz?
Bütün futbol ictimaiyyəti hələ də “Turan Tovuz”un avrokuboklardan uzaqlaşdırılmasının əsl səbəbini bilmir. Heç bir səbəb göstərilmədən “Zirə” təhqir olunur, klubun azarkeşlər arasında nüfuzu zədələnir.
Nə “Turan Tovuz” öz haqqını qoruyur, nə də AFFA rəhbərliyi məsələnin mahiyyəti barədə məlumat verir, günahkarın kim olduğunu açıqlayır.
Hörmətli başbilənlər, Azərbaycan futbolunda, eləcə də həyatda heç nəyi gizli saxlamaq olmur. Zaman keçdikcə bütün məsələlərin üstü açılır.
Ona görə də hər şeyi olduğu kimi ictimaiyyətə açıqlayın. Media üzərinə düşəni edib məsələləri araşdırıb məlumat verəndə isə bizdən inciyirsiniz.
Top sizdədir. Bütün futbol ictimaiyyəti baş verənlərlə bağlı sizdən tam şəffaf və doğru informasiya gözləyir.
İndi əlyaşma dövrü deyil, hər şeyi kompüterlə yazırlar. Yazın, deyin, biz də bilək.
Hələlik..!
MƏNdən demək

