Gələn həftə «Sabah»ı tarixinin ən prestijli oyunu gözləyir.
Noyabrın 25-də Bakıda «Barselona»nı qonaq edəcəklər.
Həmin gün dünyanın bir gözü paytaxtımızda olacaq. Sabah 25-də udsa da, uduzsa da, fərq eləməz. Əsas odur ki, «Barsa» bura gəlir.
Deyəsən, «Sumqayıt» üzərində 5:1 hesablı qələbə Valdas Dambrauskası eyforiya aləminə qonaq edib.
«Barselona» ilə oyunda sürpizə imza atmağa çalışacaqlarını deyib.
Ola bilərmi? Düzü, heç inanmıram.
Amma 1 ildir «Sabah»la həm ölkə daxilində, həm də ölkə xaricində xaruqələr yaradan baş məşqçiyə hörmətlə yanaşmağın tərəfdarıyam.
Adam adam kimi komanda yaradıb, gül kimi futbol oynadır. «Qarabağ»dan sonra Azərbaycanı dünyaya tanıdan ikinci klub «Sabah»dır və biz Dambrauskasın daha bir möcüzəyə imza atacağını arzulamalıyıq.
Olar, çox gözəl, çox pakizə! Olmaz da ki, canları sağ olsun! «Barselona» kimi nəhəngi ölkəmizə gətirməyin özü tarixi hadisədir və bunu bacardıqları üçün bəribaşdan onlara alqış düşür.
«Sumqayıt»la qarşılaşmanın nəticəsi «Sabah»da nikbinlik formalaşdırıb. Bu, «Barsa» ilə matçdan öncə əla xəbərdir. İşin bir də o tərəfi var, biz gərək onu da unutmayaq.
Müdafiə xəttində yol verilən səhvləri qeyd etmək istərdim. «Sumqayıt» 1 saatdan artıq müddətdə 10 nəfərlə mübarizə aparmaq
məcburiyyətində qalmasaydı, qapısında 5 qol görməzdi. 11-11-ə oynadıqları zaman kəsiyində «Sabah»ın arxa xətti etibarlı təsir bağışlamadı.
Ronaldo Vaskes çox başağrısı yaratdı qonaqlara. Bu, hələ dominikanlı Ronaldodur, «Barsa»nın Yamalı, Rodrisi qarşısında nə edəcəklər, necə duruş gətirəcəklər, şəxsən məni həyacanlandırır.
KAMİL
