"Onunla tanışlığa qədər evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də"

8 Yanvar 2021 16:40 Müsahibə 1 710
"Onunla tanışlığa qədər evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də"

Sportinfo.az yanvarın 3-də "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni Levon Aronyanı məğlub edərək çempion olan məşhur şahmatçımız Teymur Rəcəbovun müxtəlif vaxtlarda özü ilə bağlı açıqladığı maraqlı faktları sizə təqdim edir.

Teymur Rəcəbov 1987-ci il martın 12-də Bakıda doğulub. 2001-ci ilin martında, 14 yaşında qrossmeyster adını qazanarq tarixin ən gənc ikinci qrossmeysteri olub.

Teymur Rəcəbovun 2017-ci ildəki müsashibsəindən: "“3-5 yaşımdan şahmat oynayıram. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.

Teymur 2003-cü ildə 16 yaşında ikən dünya çempionu Harri Kasparovu qara fiqurlarla oynayaraq udub. Onların həmin qarşılaşması həmin il “Ən yaxşı oyun” mükafatı alıb. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı titulunu özünə götürüb.

Teymur 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. 2013-cü ildə isə cütlüyün qızı olub.

24 yaşında ailə quran Teymur Rəcəbov niyə tez evləndiyini belə açıqlayıb: “Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən”.

Xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmalarından da bəhs edib: "Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.

O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik".

Müsahibələrinin birində Teymur tənhalığı xoşladığını bildirib: “Çoxlu dostlarım var. Amma mən sakitliyi, özümlə olmağı xoşlayıram. Mənim düşüncələrim səssizliyə köklənir. Elnarədən (həyat yoldaşını nəzərdə tutur - re.) fərqli olaraq, mən bir az mühafizəkaram. Böyük dəbdəbə mənə yaddır".

Bir müsahibəsində Teymur həmin vaxt dörd yaşı olan qızı Məryəmin şahmat fiqurlarını tanıdığını demişdi: "Fiqurların düzülüşünü bilir. Şahmatçı ailəsində olan uşaq sözsüz ki, bu oyunu tanıyır. Qızıma təzyiq etmirəm. Hələ balacadır. Gələcəkdə şahmata marağının hansı səviyyədə olacağını zaman göstərəcək".

Teymur nəsə uğursuz alınanda, oyunu uda bilməyəndə, hətta məğlub olduqdan sonra nəyi etməmək istərdi? Bu suala məşhur şahmatçımız hələ 2012-ci ildə olduqca maraqlı cavab verib: "Yəqin ki, uduzanda hamıya çətin olur. İlk növbədə şahmatçının özünə psixoloji cəhətdən xoş deyil. Çünki hər şeyə güc, enerji sərf etmək lazım gəlir. Əsəb sistemi gərginləşir və s... Uduzanda bütün bunlar hədər gedir. Çünki bu, həm şahmatçı, həm də azarkeşlər üçün çətindir. Burada mən əlbəttə ki, yaxın azarkeşləri nəzərdə tuturam – bu da ağır zərbədir. Çünki oyundan sonra kiminsə əhval-ruhiyyəsi yaxşı olmur, kimsə hansısa psixoloji problemlər yaşayır. Yəqin ki, mənim onları nisbətim asan qəbul etməyim, əslində əsəb sistemimin bir xüsusiyyətidir".

2019-cu ildə çinli rəqibi Dinq Lijeni məğlub edərək Dünya Kubokunun qalibi olan ilk azərbaycanlı şahmatçı adını qazanan Teymur haqqında həmin vaxt FİDE reytinqinə görə dünyanın bir nömrəli şahmatçısı olan Maqnus Karlsen maraqlı açıqlama vermişdi.

Rəcəbovun qələbəsindən sonra təəccübünü gizlədə bilməyən Karlsen onun zəfərini “Möhtəşəm çevriliş” adlandırmışdı: “Mən axmaq kimi göründüm, çünki oyun ərzində "Din Lijenin uduzmaq ehtimalı yoxdur" demişdim, Teymur oyunda möhtəşəm çevriliş etdi”.

Teymur şahmatdan ayrılmaq – getmək barədə düşünürmü? Yaxşısı budur, bu sualın da cavabını yenə onun öz dilindən oxuyaq: "Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq medotları, saatlarla kompyuterlə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Getmək? Bu elə də çətin deyil, istənilən zaman bu barədə qərar qəbul etmək olar".

Teymur Rəcəbov gələcəkdə şəxsi şahmat akademiyası və ya məktəbini açmaq barədə fikirləşirmi? Bu da onun iki il öncəki cavabı: "Gənclərlə görüşmək, təcrübəni bölüşmək çox maraqlıdır. Həmin məktəbdə müxtəlif seanslar keçirmək olar. Uşaqlara təcrübəli qrossmeysterlə görüş yaxşı mənada təsir edir. Hazırda bu barədə plan yoxdur. Əgər olacaqsa, özüm orada olmaq istəyirəm. Yoxsa şahmat akademiyası və ya məktəbi açırsan, amma özün ildə bir-iki dəfə ora gəlirsən - bu düzgün deyil. Onda kommersiya məqsədi əsas götürülür. Hazırda bütün fikrimi karyerama yönəltmişəm. Belə fikir yoxdur. Əlbəttə Azərbaycan millisinə yaxşı şahmatçıları hazırlayacaq məktəbin olmağını istəyərdim. Mütəmadi orada seanslar və görüşlər təşkil etmək olardı. Məsələn, uşaq yaşlarımda Viktor Korçnoyun seansında iştirakımı indiyə qədər xatırlayıram. Ona görə uşaqlar üçün elə şərait yaratmaq əla ideyadır. Amma bu barədə heç bir planım yoxdur".

“Airthings Masters” turnirinin finalında Levon Aronyanla oyun zamanı tez-tez gözünü yumması ilə bağlı suala Teymur belə cavab verib: “Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm”...

Digər Xəbərlər
Xəbər Lenti