"Serbiya - Azərbaycan oyunu əsl kabus idi": Alman hakim

9 May 2020 10:52 Milli komanda 1 674
"Serbiya - Azərbaycan oyunu əsl kabus idi": Alman hakim

"Oyunların azarkeşsiz keçirilməsi hakimlər üçün yeni çağırışdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri almaniyalı keçmiş FIFA referisi Knut Kirxer ölkəsinin mətbuatına müsahibəsində Bundesliqa matçlarının azarkeşsiz keçiriləcəyinə münasibət bildirərkən deyib.

Bu amilin ədalət təmsilçiləri üçün müəyyən çətinliklər yaradacağını söyləyən 51 yaşlı veteran hakim AVRO-2008-in seçmə mərhələsində 2006-cı ildə idarə etdiyi Serbiya - Azərbaycan oyununu xatırlayıb:

"Əsl kabus idi. Stadionda cəmi 250 nəfər var idi. Gülməli, eyni zamanda qəribə vəziyyət yaranmışdı. Hakim olaraq daim azarkeşlərin gur səsinə və oyunçuların, məşqçilərin, rəsmi şəxslərinə dediklərini eşitməməyə alışırsınız.

Azarkeşsiz matçlarda isə bunun əksi yaşanır. Tribunalardan səs çıxmır. Sizi irəli aparan, motivasiya edən səs-küy olmur. Belədə meydandakı hər sözü başa düşürsünüz".

K.Kirxerin sözlərinə görə, hakimlər dəyişən vəziyyətə uyğunlaşmalıdırlar: "Yeni impulslar onu yayındırmamalı, vəzifəsinə diqqətlə yanaşmalıdır.

Meydançadakı ifadələrə gəlincə, referilər hansı hisslərini inkişaf etdirməli olduqlarını bilməlidirlər. Məsələn, hərdən oyunçular daha kobud ifadələr işlədə bilərlər. Hakim hər şeyi başa düşsəydi, diqqətini və oyuna köklənməni dərhal itirərdi".

Belqradda keçirilən matçda Azərbaycan millisinin qapısından qələbə topunu 72-ci dəqiqədə Nikola Jigiç keçirmişdi. Bakıdakı görüşdə isə qonaq komanda 6:1 hesablı qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!