"Futbolçunun cəmiyyətə verdiyi töhfə nədir? Heç nə!"

25 İyun 2020 16:42 Maraqlı 531
"Futbolçunun cəmiyyətə verdiyi töhfə nədir? Heç nə!"

Son üç ayda koronavirus səbəbindən siyasət, din, idman və mədəniyyət sahələrində bir durğunluq yaşanır.

Sanki bu sahələr arxa plana keçib.

Bu halın nə vaxta qədər davam edəcəyi barədə dörd sahənin hər birinə aid təmsilçilərin düşüncələrini aldıq.

AMİP katibi Əli Orucov deyilənlərlə razılaşmır: “Mən deməzdim siyasət arxa plana keçib. Sadəcə, koronavirus pandemiyasının təsirləri cəmiyyətin də, siyasi partiyaların da diqqətini bu istiqamətə dəyişib. Dünyanın hər yerində bu cür vəziyyət yaranıb. Bundan sonra koronavirusun təsirləri hələ xeyli müddət qalacaq. Siyasi fəaliyyətin özünə də bu təsirlər yeni yanaşmalar gətirəcək.

Əli Orucov - AMİP - YouTube

Əli Orucov: “Koronavirusun təsirləri hələ xeyli müddət qalacaq”

Məncə, virtual fəaliyyət bir müddət akif olaraq qalacaq. İnternet üzərindən işlərin qurulması əsas vasitəyə çevriləcək. İndi hamının başını koronavirus qatıb. Lakin cəmiyyətdə ciddi narazılıq hər an partlayış yarada bilər ki, bunun da qarşısını almaq sonradan çox çətin olar. Əvvəlki qaydalarla fəaliyyət göstərmək üçün xeyli zaman lazımdır”.

AFFA-nı millimiz maraqlandırmırsa, Yurçeviçin nəyinə lazımdı?

Sportinfo.az- saytının yazarı Natiq Muxtarlı: “Heç kimə sirr deyil ki, dünyada idman yarışları qazanc gətirən biznes sahəsi sayılır. Ona görə də sponsorlar bu sahəyə məmnuniyyətlə yatırım edirdilər. Özü də idmana ayrılan vəsait günü-gündən artırdı. Futbol klublarının büdcəsi milyard dollara çatır, idmançılar ağlasığmaz məvacib alırlar. Amma koronavirus göstərdi ki, sən demə, dünya üçün idmandan da vacib nələrsə var. Bəlli oldu ki, dünya idmansız da yaşaya bilər. İndi dünya üçün əsas prioritet sağlamlıqdır. Hər kəsi ”necə sağ qalım" sualı düşündürür. Deməli, daha vacib sahələr var ki, illərlə diqqətdən kənarda qalıb, ora ya vəsait ayrılmayıb, ya da cüzi miqdarda ayrılıb. Elə tibb də bu sahələrdən biridir. Artıq bütün dünyada idmana münasibət dəyişir. Daha doğrusu, idmana ayrılan vəsaitlə bağlı münasibətdə fikir ayrılıqları yaranıb. İndi daha çox şəxs deyir ki, idmana və idmançılara külli miqdarda vəsait ayırmaq olmaz, daha vacib sahələr var. İdmana ağlasığmaz vəsaitin ayrılması sosial ədalətsizlik yaradır. Elə Azərbaycanda da belədir. Futbol sahəsi, demək olar ki, dövlətdən maliyyələşir. Futbolçuların orta aylıq məvacibi 10 min manatdan yuxarıdır. Amma büdcədən maliyyələşən müəllimlərin orta aylıq məvacibi 700 manatdan yuxarı deyil. Futbolçunun cəmiyyətə verdiyi töhfə nədir? Azərbaycanda heç nə. Və o da məlum oldu ki, Azərbaycan cəmiyyəti üçün futbol, ümumiyyətlə, idman o qədər də önəm kəsb etmir. Çox güman ki, pandemiyadan sonra bütün dünyada idmana ayrılacaq vəsaitlərə qənaət ediləcək. Düşünürəm ki, Azərbaycanda da belə olmalıdır. İndiki halda idman kiminsə yadına düşmür. İdman pandemiya ilə mübarizədə cəmiyyətə, dövlətə heç bir xeyir vermir. İdman fədakarlıq etmək imkanına malik deyil. İndi fədakarlığı həkimlər, virtual dərslər keçən müəllimlər, polislər, könüllülər edir. Deməli, balanslaşdırma mütləq olmalıdır. Pandemiya başa çatmayana qədər idman kiminsə yadına düşməyəcək. Yalnız koronavirus tam zərərsizləşdiriləndən, insanların üzərindən psixoloji yük götürüləndən sonra idmanda əvvəlki abı-hava bərpa olunacaq. İndiki halda buna cəhd etmək belə mənasızdır. Kimlərsə cəhd edirlərsə, onları da yalnız pul düşündürür. İdman oyunlarından əvvəlki həzzi almaq, arenalarda əvvəlki həyəcanı yaşamaq üçün koronavirus xofundan qurtulmaq vacibdir. İndi idmançılar özləri də yarışmaq hayında deyillər, xof altındadırlar. Dünyanı koronavirusdan xilas edəcək şəxslər isə idmançı deyillər. İndi idmançılar da o şəxslərə dəstək olmağa məcburdurlar. Yəqin ki, pandemiya nə vaxtsa başa çatacaq, insanlar psixoloji gərginlikdən xilas olacaqlar, idman yarışları bərpa olunacaq, yenə də əvvəlki həyəcanı yaşayacağıq. Amma bununla yanaşı, idmanla cəmiyyət arasındakı sosial ədalətsizlik də bərpa olunmalıdır ki, bu da pandemiyanın verdiyi dərs sayılsın".

İslama həqarət edən

İlahiyyatçı Emil Rahiloğlu dini ekspertlərə telekanallarda efir saatlarının verilməsini vacib sayır: “Mən buna dini passivlik deməzdim. Sadəcə, məlum xəstəlik bütün sahələrə mənfi təsirini göstərdiyi kimi, dini fəaliyyətə də təsirsiz ötüşmür. Dindarı fəal saxlayan ilahiyyatçı və dini ayinləri yerinə yetirmək üçün nəzərdə tutulan məkanlardır. Xüsusən məscidlərin bağlı olması zahirdə bu görüntünü verir. O cümlədən cümə namazlarının tətil olması, xüsusi günlərdə dua mərasimləri, şəhadət və mövlud tədbirlərinin keçirilməməsi bu görüntünü verir. Bildiyiniz kimi, hər il Ramazan ayında dində daha da canlanma olur. Xüsusən də qədr gecələrində hətta ibadət etməyən müsəlman camaatımız belə məscidlərdə ibadətlə məşğul olurdu. İndi isə bunların heç biri məlum xəstəlik səbəbindən olmadığından biz dini cameədə haradasa passivlik müşahidə edə bilərik. Belə bir vəziyyətdə insanların mənəvi əhval-ruhiyyəsini üstün tutmaq, onları dua və mənəviyyata səsləmək lazım, hətta xəstəlikdən qorunmağın və digərlərini də yoluxdurmamağın dini vəzifə olmasını insanlara çatdırmaq lazımdır. Bunun üçün efir saatının olması zəruridir. İlahiyyatçı ekspertlərə hər gün bir saat heç olmasa televiziya və radio çıxışları verilməlidir. Amma təəssüf ki, bizdə bu saatların əksəriyyətini şou - proqramlar əhatə edir. Ümidvarıq ki, insanlarımız belə bir vəziyyətdə fərdi ibadətlərə üstünlük verməklə məlum xəstəliyin aradan getməsi və xəstələrin şəfası üçün dua edir, özlərini və ətraflarını qoruyurlar”.

Bəstəkar Çilənay Hüseynova:

Gənc bəstəkar ifaçı Çilənay Hüseynova ümidlidir: “Mənim üçün hazırda vacib olan insanların sağlamlığıdır. Bizi narahat edən ən vacib məsələ budur və tezliklə xəstəliyin son çatmasını istəyirəm. Bu çətin günlərdə bizə musiqi, onlayn konsertlər, proqramlar xüsusi güc, enerji verdi. Sanki xalqımız birgə həmrəy olub, əhvalını yüksək tutdu. Düşünürəm ki, mədəniyyət sahəsi olmasa, həyatdan zövq almaq çətinləşər. Onu da deyim ki, şəxsən mən karantin dövründə əvvəlki aylara nisbətən daha çox çalışdım. Çünki insanın qarşısında maneə olanda daha çox yazıb-yaratmağa can atır. Bir sözlə, zərrə qədər geri düşdüyümü düşünmürəm. İnanıram ki, tezliklə hər şey qaydasına düşəcək, xalqımız bu bəladan xilas olacaq, insanlar əvvəlkindən daha gözəl, daha uğurlu fəaliyyətə başlayacaq (musavat.com)”.

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu