
Ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk edən “Səbail” qollarını bərk çırmalayıb.
Məqsəd I Liqada çempionluğu bayram etməklə yenidən elitaya qayıtmaqdır.
Növbəti mövsümdə aşağı dəstədə “Şəfa”, “Qusar”, “Mingəçevir”, MOİK kimi iddialıların olacağına nəzərə alsaq, Bayıl təmsilçisi işini bərk tutaraq transfer çalışamalarına start verib.
Komandanın Premyer Liqadakı yerini qoruya bilməməsinin günahkarlarından olan Yusif Nəbiyev, Hüseynəli Quliyev və İlkin Muradov kimi təcrübəlilərlə böyük ölçüdə razılıq əldə olunub. Gənc stopper Emil Rüstəmovu da siyahıya əlavə edə bilərik.
Adları çəkilənlər qarşıdakı 1 ildə “dənizçilər”ə kömək etməkdən boyun qaçırmayıb.
“Neftçi”dəki çıxışları ilə tanınan Rəhman Hacıyev, “Araz-Naxçıvan”da ehtiyat qapıçı statusunu daşıyan Vüsal Şabanov, 2 il əvvəl “Səbail”in sıralarında olmuş Bahadur Həziyev, ötən mövsüm I Liqanın bombardirlər sırasında yer almış Emil Qasımovu da yeni transferlər hesab edə bilərik.
Bu, son deyil. Klub rəhbərliyi heyəti gücləndirmək üçün gənc, və təcrübəli yerlilərlə danışıqları davam etdirir. Yaxın 10 gün ərzində 3-4 nəfərlə razılığın əldə olunacağı gözlənilir.
Komanda təkcə azərbaycanlılardan ibarət olmayacaq. Hədəfə çatmaq üçün legionerlərin cəlb olunması mütləqdir. Hazırda bu yöndə də qızğın iş gedir.
Yeni mövsümdə “Səbail”in heyətində 4-5 legioner olacaq. Büdcə məhdudiyyətini nəzərə alsaq, gəlmələrin əsasən Afrika ölkələrindən olması planlaşdırılır.
İşlər nəzərdə tutulan istiqamətdə getsə, növbəti mövsümdə “Səbail”in qarşısını kəsmək çətin olacaq.
HƏBİB / SPORTİNFO.AZ