
Yeni mövsümə hazırlaşan "Neftçi"nin dünya ulduzu ilə güclənə biləcəyini dünən xəbər vermişdik.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "ağ qaralar" Duqlas Koşta ilə danışıqlar aparır.
"Yuventus" və "Bavariya" kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.
O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.
"Yuventus" formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.
Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından "Sidney"də çıxış edir.
O, burada keçirdiyi 25 oyunda 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Avstraliya təmsilçisi ilə 2026-ci ilə qədər müqaviləsi olan yarımmüdafiəçinin hazırkı bazar qiyməti 650 min avrodur.
Dünən yaydığımız informasiya ictimaiyyətdə böyük rezonas doğurub, sosial şəbəkələrdə ildırım sürəti ilə tirajlanıb və maraqla qarşılanıb.
"Neftçi"nin mətbuat koordinatoru Rüstəm Əfsərli bununla bağlı Sportinfo.az-a açıqlama verib.
"Transfer periodu davam edir. Baş məşqçimiz Samir Abasov da yaxınlarda bu barədə geniş açıqlama verib.
Həm yeni gələn futbolçular, həm də planlarla bağlı. Bir neçə mövqe üzrə danışıqlar getməkdədir.
Yaxın günlərdə bir neçə transferin reallaşması mümkündür. Proses tamamlanmadan bu haqda rəsmi açıqlama vermək çətin məsələdir.
Mətbuatda bir çox futbolçunun adı «Neftçi» ilə yanaşı hallanır. Bəzən bu xəbərlərdə bizim planlarımıza daxil olmayan, klubun iddialarına uyğun gəlməyən adlar çəkilir.
Bunlar müxtəlif səbəblərdən müxtəlif şəxslər tərəfindən mətbuata ötürülür.
Biz vəziyyəti başa düşürük, amma istərdik ki, həmkarlarımız rəsmi mənbələrlə işləsinlər. Azarkeşlərimiz isə bir qədər səbrli olsunlar.
İndi sadəcə onu deyə bilərəm ki, yeni mövsümə ciddi hazırlıq gedir. Son vaxtlar həm yerli, həm xarici transfer bazarında bir neçə yaxşı transferimiz olub.
Ümumiyyətlə, məqsədimiz Samir Abasovun istəyi ilə heyət qurmaq, onun planlarını icra etməkdir. Futbolçu seçimi də, bu seçimlərin məsuliyyəti də baş məşqçi olaraq Samir müəllimin üzərindədir.
Rəhbərlik tərəfindən də klubun transfer komitəsi və seleksiya qrupuna baş məşqçiyə mövcud büdcə çərçivəsində maksimum dəstək verilməsi tapşırılıb.
İndinin özündə də bu yöndə iş gedir. O ki qaldı ayrı-ayrı futbolçulara, bu barədə əvvəlcədən məlumat vermək çətindir.
Gəlin, transferlərin rəsmiləşməsini gözləyək. Vaxtı çatanda ictimaiyyətə rəsmi məlumat veriləcək".