"Bəlkə də çoxlarının bundan xəbəri yoxdur" - MUSAHİBƏ

3 Mart 20:40 Maraqlı 3 496
"Bəlkə də çoxlarının bundan xəbəri yoxdur" - MUSAHİBƏ

Hansısa möcüzə baş verməsə, cari mövsümün yekununda Premyer Liqaya vəsiqə qazanacaq komandalardan biri “Qəbələ” olacaq.

Bölgə təmsilçisinin 1 illik fasilədən sonra elitaya qayıtması və kollektivə “İnter”dəki fəaliyyətindən tanıdığımız Kaxaber Tsxadadzenin rəhbərlik etməsi mübarizəyə əlavə rəng qatacaq.

Gürcü çalışdırıcı ilə söhbət etməkdə məqsədim əsasən I Liqadakı vəziyyətlə bağlı olsa da, fürsətdən istifadə edib son həftələrin aktual mövzularına – klub sayının artırılması, legionerlərə qoyulan limitin aradan qaldırılması – toxunduq.

- Cənnət Qəbələdə özünüzü necə hiss edirsiniz?

- Elə cənnətdəki kimi (gülür). Hər şey yaxşıdır. Yaxşı ki, oyunumuz dünən oldu. Gecə qar dayanmayıb, indi də hər yer ağappaqdır. Hətta bayıra çıxmaq mümkün deyil. Uşaqlara halal olsun, bu cür hava şəraitində meydanı möhtəşəm vəziyyətə gətirmişdilər. İnfrastruktur məsələsində “Qəbələ” “1 nömrə”dir, bunu hamı bilir.

- Premyer Liqa I Liqadan necə görünür?

- Premyer Liqa bu mövsüm inanılmaz dərəcədə inkişaf edib. Çox bəyənirəm. Adi nümunə deyim, bu gün bir komandalar “Qarabağ” kimi rəqibə baş ağrısı yarada bilir. O gün “Səbail”lə matça baxdım. Təxminən 70 dəqiqə bərabər səviyyədə oyun getdi, “Səbail” nə qədər qol imkanı yaratdı. Hər şeydən əvvəl oyun keyfiyyətinin ən üst səviyyədə olması idi. “Araz-Naxçıvan”ı götürək, görün, necə ağıllı futbol oynayırlar, nəticələr göstərirlər. Mən həmişə deyirəm, liqanın keyfiyyətini artırmaq üçün səviyyəli legionerlərə ehtiyac var. 10-15 il əvvəli yadınıza salın. “Neftçi”də, “Xəzər Lənkəran”da, “Bakı”da, “İnter”də nə qədər keyfiyyətli legionerlər var idi. Ona görə də Premyer Liqada qırğın gedirdi, 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı.

- Keyfiyyətli legionerləri cəlb etmək üçün yaxşı pul olmalıdır axı.

- Pul indi də var. Kim deyir yoxdur? Dövlət səviyyəsində Premyer Liqa klublarına yaxşı məbləğlər ayrılır, bəzi klubların əlavə sponsorları var. Önəmli olan klubların seleksiya işini düzgün qurmasıdır. Bu mövsümdə məhz seleksiya işini çox bəyənirəm, yaxşı futbolçular dəvət olunur. Bu düşüncə və yanaşma ilə davam etsələr, Premyer Liqa yaxın 1-2 ildə çox inkişaf edəcək.

- Premyer Liqaya qayıdacağıq. I Liqada vəziyyət necədir?

- Əlbəttə, burada çətinliklər çoxdur. Biz bunu gözləyirdik və demək olar hazırlaşmışdıq. Premyer Liqadan aşağı liqaya düşəndə ilk növbədə maddi baxımdan əvvəlki vəziyyət olmayacağını bilirdik. Premyer Liqada 8-10, bəlkə də daha çox legioner cəlb edə bildiyin halda, I Liqada belə bir imkanın yoxdur. Həm maddi vəziyyət, həm də limit imkan vermir. Üstəlik, elə legioner gətirməlisən ki, yerlilərdən fərqlənsin, üstün olsun. Yerlidən üstün olmayan əcnəbi mənə lazım deyil. Heyətdə 25 futbolçumuz var. Onların neçə faizinin “Qəbələ” akademiyasının yetirməsi olduğunu bilirsiniz?

- 10 nəfər?

- Bir az da çox. Komandanın tən yarısı, 50 faizi akademiyanın uşaqlarıdır. Bəlkə də çoxlarının bundan xəbəri yoxdur. Düşünürlər ki, yalnız legionerlərin və təcrübəli azərbaycanlıların hesabına nəticə qazanırıq. Akademiyanın yetirmələri bizə bu il çox kömək edirlər. Bu mənada yaradılan şəraiti, rəhbərliyin komandaya münasibətini və mükəmməl infrastruktu qeyd edə bilərəm. Əminəm ki, “Qəbələ” akademiyasına və infrastrukturuna görə Premyer Liqanın bir neçə klubundan üstündür.

- Ən çox diqqətinizi çəkən, könülünüzü oxşayan nədir?

- Futbolçuların işə yanaşması, istəkli olması, həm oyun, həm də daxili intizam qaydalarına əməl etməsi. Və ən çox sevindiyim məqam komandada çox-çox ciddi rəqabətin olması. İstənilən futbolçu digərini layiqincə əvəz edə bilir. Sizə bir fakt deyim.

- Buyurun.

- Çempionata bir heyətlə başlamışdıq və o cür də davam edirdik. Oktyabrda kubok mübarizəsi başladı və biz də qoşulduq. “Baku Sportinq”lə oynayırdıq. Çempionatda güvəndiyim “11-liy”i başdan-ayağa dəyişdim, yalnız Səlahət Ağayev qalmışdı qapıda. Heyətdəki 10 dəyişikliyə baxmayaraq, rəqib üzərində 4:0 hesabı ilə qələbə qazandıq. Bu, futbolda hər bir baş məşqçini sevindirə biləcək. çox vacib amildir. Futbolçuların fərdi hazırlığı, bununla bərabər komandanın oyun intizamı yerindədirsə, yaxşı nəticələr özü səni tapacaq. Məhz bunun sayəsində bu gün layiq olduğumuz yerdəyik.

- Liqada sizi ən çox yoran, bezdirən, narahat edən nədir?

- Futbolun inkişafından danışırıqsa, əlverişli meydanların olması ən vacib şərtdir. Futbolçu nə qədər bacarıqlı olur-olsun, yaxşı qazon yoxdursa, o uşaq inkişaf etməyəcək. Xüsusən təbii örtükdə keçirilən matçlarda oyun keyfiyyəti az qala sıfıra bərabərdir. Buna futbol deməyə də adamın dili gəlmir. “Karvan” kimi komandaya ürəyim ağrıyır. Çox yaxşı komandaları var, ancaq meydanları biabırçı vəziyyətdədir. Dünən bizə qarşı Qəbələdə ideal qazonda çıxış etdilər, sizi inandırım, məğlub olmalarına baxmayaraq, çox gözəl futbol nümayiş etdirdilər.

- I Liqadakı keyfiyyət, rəqabət, şərait “peşəkar” statusunu haqq edir?

- “Qəbələ”nin iştirakı ilə keçirilən oyunları əsasən deyə bilərəm ki, məşqçi və futbolçuların keyfiyyəti yaxşıdır. Rəqabət var, motivasiya öz yerində. Sadəcə, futbolçuları yaxşı meydanlarda bir az da inkişaf etdirmək lazımdır. Bəzi komandalar 60-cı dəqiqədən sonra əziyyət çəkir. Bu da fərdi hazırlıq səviyyəsinə bağlı olan bir şeydir. Liqanın ümumi keyfiyyətini götürsək, əlbəttə, Premyer Liqada çox geridədir. Bu, tək Azərbaycanda yox, hər yerdə belədir. Özüm “Mançester Siti” ilə həm Premyer Liqada, həm də Çempionşipdə oynamışam. Fərq əməlli-başlı hiss olunurdu. Yaxud da “Ayntraxt”ı götürək. Neçə il Bundesliqada çıxış etdik və mövsümün sonunda II Bundesliqaya yuvarlandıq. 6 ay orada çıxış etdim və Bundesliqa ilə aradakı fərqi hər mənada gördüm. Bütün ölkələrin Premyer Liqasında keyfiyyət və klas var, aşağı liqalarda məzmunlu, kombinasiyalı yox, güc futbolu nümayiş etdirirlər.

- Geridə qalan 6-7 ayda mütləq ki, çətinliklərlə üzləşmisiniz. Elə an olub ki, iki əllə başınızı tutub “mənim burada nə işim var axı” demisiz?

- Çətinlik hər yerdə var və olacaq da. Guya Premyer Liqada mübarizə aparanda yox idi? Mənim üçün ən çətin dönəm yayda, komandanı yığanda idi. Qarşımızda gələcək üçün böyük plan dayanırdı və ilk məqsədimiz təməli düzgün qurmaq idi. Hər bir işdə təməli qurmaq ağıl, risk, səbr və zaman tələb edir. İdman direktoru Səbuhi Səfiyarlıya dedim, elə edək ki, hazırlığa start verəndə, komandanın 90 faizi sərəncamımda olsun. Önəmli olan sıfırdan komanda qurmaq və çempionata hazırlamaq idi. Təbii, müəyyən çətinliklərlə rastlaşırdıq. Görəndə ki, səhər yeməyində hərə əlinə bir lavaş alıb yeyir, dəhşətə gəldim. Düzgün qidalanma mütləqdir. Ona görə də nəzarətə elə qidalanmadan başladıq. Mənim üçün ən ağır dönəm məhz yaydakı dövrlər idi. Onu da uğurla keçdik və elə bir vəziyyətə gəldik ki. İstəyirsinizsə, bir maraqlı fakt da deyim, bilin.

- Maraqlı gəldi.

- Bu gün “Qəbələ”nin qaçış göstəricisi A Seriyası səviyyəsindədir. İnanmasanız, sizə sənəd-sübutla göndərə bilərəm.

- A Seriyası deyəndə İtaliyanın yüksək dəstəsini nəzərdə tutursunuz yəqin.

- Bəli-bəli. Əlimdə olan göstəricilər “Latsio” ilə “Roma”ya aiddir. Biz qaçış göstəriicilərində onlardan heç də geri qalmırıq. Bu, bir komandanın fiziki hazırlığının hansı səviyyədə olmasından xəbər verir. Bilirsiniz niyə belədir? Çünki futbolçuların demək olar hamısı ilk gündən sərəncamımda olub, hazırlığa sıfırdan başlayıblar. Hissə-hissə gəlsəydilər və pərakəndəlik olsaydı, indiki nəticələri əldə edə bilməyəcəkdik. Və ən maraqlısı, komandaya yeni cəlb etdiyimiz futbolçuların, Səlahət Ağayev xaric, demək olar hamısı I Liqadan gələnlər idi. Legionerlərimizin də hansı şərtlər altında oynadığını bilirsiniz. Premyer Liqa səviyyəsində keyfiyyətli legioner heç vaxt Azərbaycanın I Liqasında oynamaz. Yayda və çempionatın ilk oyunlarında müəyyən çətinliklərimiz olsa da, sonradan işlər qaydasına düşdü. Və belə olacağını da bilirdik.

- Mehrac Baxşalı – bu ad-soyad sizə futbolçu və insan kimi nə deyir?

- Mehrac “Qəbələ” akademiyasının yetirmələrindən biridir. Onun oynamaq üçün yaxşı şansı var idi və bəzi matçlarda şans vermişdik. Sonra məlum oldu ki, onun hədəfləri imkanlarını üstələyir. Məhz ağlındakı hədəfə görə başqa komandaya keçdi. Çünki ehtiyatda oturmaq və az şans qazanmaq ürəyincə deyildi. İnsan yer aldığı komandadakı vəziyyətdən razı deyilsə, mühiti dəyişməlidir. Mən burada hansısa problem görmürəm. 10 il Avropada oynamış biri kimi deyə bilərəm ki, peşəkar futbolçu komandaya fayda verməlidir.

- Bəlkə də inkar edəcəksiniz. Ancaq turnir cədvəlindəki vəziyyət “Qəbələ”nin növbəti mövsümdə Premyer Liqada iştirak edəcəyindən xəbər verir. Belə vəziyyətdə futbolçuları hər qarşıdan gələn oyuna necə kökləyirsiniz?

- Futbolçular məni çox yox, çox-çox yaxşı tanıyır. Onlar mənim və köməkçilərimin işə maksimum yanaşmamızı görür. Və onlar üçün ən böyük motivasiya budur. Məşqçilər heyəti futbolçular üçün ən ideal göstəricidir. Bizim hansısa birimizdə arxayınlıq, rahatlıq yoxdursa və bu gün də narahatlıq içindəyiksə, onlar heç bir halda arxayınlaşa bilməz. Bu dəqiqə mənim üçün vacib olan təkcə Premyer Liqaya vəsiqə deyil. Ondan da önəmlisi komandanın oyun planında daha yaxşı görünməsi, inkişaf etməsidir. Hər məşqdə bunu onlara deyirəm.

HƏBİB ASLANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti