“Neftçi”dəkiləri aldatdı, Abasov göstəriş verdi, danışıqlara başlandı

7 İyul 20:00 Neftçi 789
“Neftçi”dəkiləri aldatdı, Abasov göstəriş verdi, danışıqlara başlandı

Mövsümü uğursuz başa vuran “Neftçi”də yeni mövsümlə bağlı ciddi işlər görülür.

12 futbolçu ilə yollarını ayıran bakılılar hələ ki, 6 nəfərlə münasibətlərini rəsmiləşdirib, yaxın 10-15 gün ərzində daha 2-3 oyunçu ilə müqavilə bağlanacağı gözlənilir.

Rəsmiləri narahat edən əsas məsələ qapı xətti ilə bağlı müəmmadır.

Samir Abasov “çərçivə”dəki rəqabəti artırmaq üçün legioner kiperin transferini mütləq sayır. Hədəfdə “Antalyaspor”dan ayrılan Kenan Piriç idi ki, son 1 ayda onunla mütəmadi danışıqlar aparılırdı.

Bosniyalı ilə istər maliyyə, istərsə də digər mühüm şərtlərdə razılıq əldə olunmuşdu. Hətta iyulun 3-4-də Bakıya gəlib tibbi müayinədən keçməsi barədə ortaq məxrəcə də gəlinmişdi.

Piriçin son anda fikrindən daşınıb zənglərə cavab verməməsi “Neftçi”dəkiləri bu mövzunu qapatmağa məcbur edib.

Odur ki, adı siyahıda olan digər namizədlərlə danışıqlara start verilib. Hazırda hədəfdə olan qapıçılar arasında son mövsümü Türkiyə, Polşa, Yunanıstan kimi ölkələrin yüksək liqalarında keçirənlər var.

Baş məşqçi skautinq qrupuna transfer çalışmalarını Polşa toplanışına qədər bitirməyi tapşırıb. Baş məşqçi Keltsedəki yoldaşlıq görüşlərində bütün futbolçuların sərəncamında olmasını istəyir.

Bakı toplanışını iyulun 14-də başa vuracaq “ağ-qaralar” ertəsi Polşaya yola düşəcək.

17, 22, 27 iyul (“Asteras Tripolis”, Yunanıstan)və 1 avqustda (AEL, Kipr) yoldaşlıq görüşlərinin keçirilməsi, avqustun 2-də Azərbaycana dönüş nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu