"Qazandım, amma insan olaraq dəyişmədim" - MÜSAHİBƏ

03:00 Güləş 101
"Qazandım, amma insan olaraq dəyişmədim" - MÜSAHİBƏ

Bu il Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu, MDB ölkələrinin və bir sıra dəvət olunmuş dövlətlərin ən yaxşı gənc idmançılarını bir araya gətirən böyük idman tədbiridir.

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, üçqat Avropa çempionu və ikiqat dünya çempionatlarının mükafatçısı olan Həsrət Cəfərov (67 kq) MDB Oyunlarında yaxşı təcrübəyə malikdir.

23 yaşlı idmançı 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarının çempionu olub və açılış mərasimində Azərbaycan bayrağını daşıyıb.

Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək III MDB Oyunları ərəfəsində Həsrət Cəfərov onun idman yolu, motivasiyası və yeni nəsil gənc idmançılara tövsiyələri haqqında sualları cavablandırıb.

- Bu il III MDB Oyunları Azərbaycanda keçiriləcək. Bu tədbir, ölkəmiz və gənc idmançılar üçün nə qədər əhəmiyyətlidir?

- Bu, çox böyük bir hadisədir. III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir. Məncə, bizim idmançılar bu şansı dəyərləndirməlidirlər. Onlara böyük bir şərəf nəsib olub – ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər.

- Azərbaycanlı güləşçilərdən nə gözləyirsiniz?

- Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır.

- Bu, eyni zamanda, əlavə təzyiqə səbəb ola bilərmi?

- Mənim üçün bu heç vaxt təzyiq olmayıb. Əksinə, tribunaların dəstəyi mənə hər zaman güc verib.

- Gənc idmançılara oyunlardan öncə nə tövsiyə edərdiniz?

- Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış – böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Həm fiziki, həm də mənəvi cəhətdən hazır olmaq lazımdır. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli bir hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək.

- I MDB Oyunlarını necə xatırlayırsınız?

- Mən çempion oldum və açılış mərasimində bayraqdar idim. Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim.

- Bu 5 ildə Həsrət Cəfərov necə dəyişdi?

- Çox medal qazandım, Parisdə Olimpiya bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası – insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalım olsa da, dayanmıram.

- Növbəti hədəfiniz nədir?

- Dünya çempionu olmaq istəyirəm. Sonra isə – Los-Anceles-2028 Olimpiadasında qızıl medal.

- Sizi idmanda nə motivasiya edir?

- Nəticələr və güləşə olan sevgim. Bu, sadəcə bir iş deyil – bu, mənim həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur.

- Yeni başlayan güləşçilərə nə deyərdiniz?

- İlk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə, nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim üzərində işləyin.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu