3 erməninin İrəvana qaytarılmasının sirri və 4 min itkin azərbaycanlı

9 May 2021 02:10 Maraqlı 1 387
3 erməninin İrəvana qaytarılmasının sirri və 4 min itkin azərbaycanlı

Yəqin çoxlarının yadındadır, hər dəfə Türkiyə və Rusiya prezidentlərinin görüşü planlaşdırılanda intizarda olardıq:

Görəsən, Qarabağ məsələsi müzakirəyə çıxarılacaqmı? Yaxud hansısa beynəlxalq toplantı ərəfəsində yenə də qulağımız və gözümüz Qarabağı axtarırdı.

Azərbaycan cəmi 44 günə elə bir reallıq yaradıb ki…

Elə bu yazını başlayanda xəbər lentində oxudum ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı və dövlət başçıları Qarabağ məsələsini müzakirə ediblər. Təkcə son aylarda artıq neçənci müzakirədir, sayını itirmişik. Rusiya lideri gah Azərbaycan, gah Türkiyə prezidenti ilə danışır, vəziyyəti müzakirə edir, perspektivlərdən danışılır, Ağdamda yerləşən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətindən bəhs olunur. Azərbaycanın müzəffər ordusunun qalibiyyəti, dövlət başçısının prinsipial və qəti mövqeyi, üstəlik, qardaş Türkiyənin hər an Azərbaycanla yanaşı olmasındadır bu intensiv əlaqələrin sirri. Ancaq heç kim şübhə etmir ki, Qarabağın hətta işğalda olduğu illərdə ərazisinin bir qarışını belə, güzəştə getməyəcəyini bəyan edən Prezident İlham Əliyev bundan sonra da dövlətimizin və millətimizin maraqlarından zərrə qədər də olsun güzəştə getməyəcək! Sadəcə o bilir: “nəyi nə zaman etmək lazımdır!”

Azərbaycan 3 erməni əsir-diversantı Ermənistana təhvil verdi. Emosional yanaşmadan çıxış etsək, bir çoxlarımız fərqli mövqedən çıxış edə bilərik. Axı, ermənilər bizim əsir və girovlara yaşatdıqları dəhşətləri unutmamışıq. Elə Dilqəm Əgərov və Şahbaz Quliyevi 7 il ağır işgəncələr altında saxladılar, adlarını “diversant” qoyaraq. Amma əgər Azərbaycan dövləti beş aylıq araşdırmalardan sonra həmin 3 ermənini geri qaytarmağa qərar veribsə, demək, onların terrorçu fəaliyyətilə bağlı ciddi dəlillər olmayıb. Əks təqdirdə, Azərbaycan vətəndaşlarını qətlə yetirən terrorçular geri qaytarılmazdı. Bu, Azərbaycan dövlətinin, dövlətimizin başçısının növbəti dəfə humanizm prinsiplərindən çıxış etməsinin məntiqi nəticəsidir.

3 erməni hərbçini AZAD EDİLDİ - Bakı xoşməramlı jest göstərdi… | KONKRET

Bu məqamda digər bir məqama diqqət çəkək. Azərbaycan rəsmiləri dekabr ayında keçirilmiş xüsusi əməliyyat nəticəsində 62 erməni diversantının saxlandığını və onların terrorçuluqda ittiham olunduğunu bəyan edir. Bəyan olunub ki, onlar qanuna müvafiq şəkildə cəzalarını alacaqlar. Bəlkə Rustam Muradovun İrəvana apardığı 3 erməni heç əvvəldən terrorçuluqda ittiham olunanların siyahısında olmayıb…

Bu arada Avropa Parlamentinin 121 üzvü Avropa Komissiyasının sədri və Avropa İttifaqının sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasının tələb etməyə çağırıblar. Ermənistan rəsmiləri, hətta Qarabağdakı qondarma rejimin oyuncaq “rəhbərliyi” avropalı deputatlara təşəkkür yağdırırlar. Əslində Avropa üçün, Avropa Parlamenti üçün utanc sayılası faktdır. Onlar kimlərin müdafiəsinə qalxdıqları haqda düşünüblərmi? Uşaq, qadın, qocaların qatillərini, məscid dağıdanları, məktəb yandıranları, dünyada yeganə olan “Çörək Muzeyi”ni sonuncu divarınadək sökənləri himayə edirlər! Sadəcə ayıb olsun!

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib

Avropa Parlamentində oturanların doğrudanmı yaddaşı bu qədər zəifdir? Bir vaxtlar bu qurum qətnamə qəbul etmişdi, Ermənistana çağırış var idi ki, “Qarabağa əsgər yollama!” O qətnamə də BMT qətnamələri kimi, zibil qutusuna atıldı, hətta Nikol Paşinyan öz oğlunu da nümunə olaraq Qarabağa hərbi xidmətə göndərdi və hadisələr böyük savaşa qədər qızışdı. Necə olur ki, Avropa Parlamentinin deputatları onların üzünə tüpürən erməniləri müdafiə edirlər? Hansı ki, Azərbaycan ordusu Qarabağa gələn erməni ordusunu, diversantları, terrorçuları təmizləməklə həm də Avropa Parlamentinin qətnaməsini icra etmiş olub, təşəkkür beləmi olur?!

62 erməni diversantın Bakıda saxlanılması avropalı deputatları çox ağrıdır, anlayırıq. Görünür erməni diasporu onları yaxşıca yemləyib. Bəs, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-94-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq (!!!) azərbaycanlının taleyi?! Avropa Parlamentinin “ədalət keşikçiləri” həmin günahsız azərbaycanlıların taleyinə niyə susur, qurumun rəhbərliyinə “azərbaycanlıların əsir və girovluqdan azad edilməsi üçün Ermənistana təzyiq göstərin”, müraciətini imzalamırlar?

Qarabağda döyüşmüş muzdlu-terrorçunun istintaqı başa çatdı

Eulcekcian Viken Abraham

Budur, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Bildirilir ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb. Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak etmişlər. 05.05.2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilmişdir…

Diqqət edin, konkret fakt ortada. Amma Avropanın bir sıra paytaxtlarında hələ də ermənilərin uydurduğu ittihamlarla Azərbaycanı günahlandırmağa çalışırlar. Hətta İrəvanda “Azərbaycan tərəfdə döyüşmüş suriyalı döyüşçülər” tamaşasını qurublar. Erməniləri başa düşdük, bunlar tarixən hər cür şərəfsizliklərə əl atıblar, saxtakarlıq, yalan bunların “baş tacı”, xilas yoludur. Bəs, Avropa paytaxtları? Azərbaycan öz ərazisini düşməndən azad etmək üçün dünyanı istənilən ölkəsindən qüvvə çağırmaq hüququna malikdir. Ancaq qüdrətli ordumuz varkən buna ehtiyac görmədik, qəhrəmanlarımız 44 günə tamamladılar bu müqəddəs işi. Nə qədər ədalətsiz olasan ki, qəbirləri belə təhqir olunmuş ölkəni günahlandırasan, bunu avropalılar edir…

Ermənilər körpələrinə beşikdə türkə nifrət öyrətdiyi halda, Azərbaycanı ittiham edirlər. Ancaq bir Avropa paytaxtından sual eşitmədik ki, “Bakıda 30 min erməni yaşayır, bəs, İrəvanda neçə türk var?” Eşidə bilmərik. Kimsə soruşmadı ki, necə olur Bakının mərkəzində erməni kilsəsi olduğu halda, Ermənistanda azərbaycanlıların tikdiyi onlarla məscidin izləri məhv edilib, İrəvanda yalnız biri saxlanılıb, ona da “fars məscidi” adı qoyulub? İndi nifrət harda güclüdür, ay avropalı?!

Nazir:

Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, Şuşada yerləşən Qazançı kilsəsində hazırda təmir işləri aparılır. Beləliklə, kilsə təmir edilərək əvvəlki tarixi görkəminə qaytarılacaq. Amma dünyadakı Azərbaycan düşmənləri ermənilərlə səs-səsə verib ağlaşma qurublar ki, “qoymayın, Şuşadakı kilsənin günbəzi uçurulub”. Erməni Qarabağda 67 məscidi uçuranda, içərisini tövləyə çevirəndə hansı cəhənnəmdəydiniz?! Yaxud işğal dövründə ermənilər İrandan çağırdıqları mütəxəssislər hesabına Şuşadakı Gövhər Ağa məscidini guya “təmir” edəndə, harda itib-batmışdı həmin dairələr, niyə Azərbaycanın səsini eşitmirdilər?

Bakı 3 erməni əsiri məhz öz iradəsi ilə qaytardı, kiminsə diktə, ya xahişi ilə yox. Çox da ki, indi ermənilər əsirlərin qaytarılmasına görə Minsk Qrupunun həmsədr ölkələrinə minnətdarlıq edirlər, yaxud bunu Muradovun “xidməti” sayırlar. Əgər dedikləri kimi olsaydı, keçən ay Rustam Muradov İrəvana əliboş qaytarılmazdı. Onlar tarix boyu Azərbaycanın yaxşılığını etiraf etməyiblər, təəccüblü deyil. Amma bəs, Avropa, bəs Amerika? Bir neçə gün əvvəl Azərbaycan hətta erməni terrorçulara öz ailələri ilə əlaqə saxlamaq imkanı yaratmışdı. Bundan böyük humanizm? Ardınca da Azərbaycan böyük bir humanizm nümunəsi göstərib, 3 erməni hərbçini azad edib, ancaq bir paytaxtdan elementar təşəkkür mesajı belə eşidilmir. Çünki qərəzlidirlər, “ikili standartlar”la yanaşırlar...

Heç şübhə etmirik ki, bölgədə prosesləri diktə edən Azərbaycan 3 əsirin qaytarılması qarşılığında üç mühüm istiqamətdə istədiklərinə nail olub. Xankəndidən erməni ordusunun ağır texnikasının çıxarılmasını izlədik. Xəbərlər var ki, Laçın dəhlizinə girişdə də yoxlamalar sərtləşdirilib. Hər halda ermənilər şikayətlənirsə, boşuna deyil. Üstəlik, rəsmi Bakı minaların xəritəsini də öz gücü ilə alıb, yaxud alacaq, buna əminik! O paytaxtlar heç Qarabağın azadlığı naminə yanımızda olmadılar, mina xəritələrini də ermənilərdən almağa həvəsli olmadıqlarını nümayiş etdirdilər bu aylarda. Azərbaycan əsgəri bu gün Zəngəzurda dayanıb, əlində xəritə! Tarixin bütün dövrlərində mövcud olan xəritələr biz deyəni deyir...

Və yazını bitirəndə erməni mediası xəbər yaydı ki, Ermənistan XİN BMT Baş katibi Quttereşə Azərbaycandan şikayət yazıb...Qətnamələrini zibilliyə atdıqları BMT-yə...

Ayrı nə deyək: Azərbaycanın humanizmi gözünüzdən gəlsin!

Elşad Paşasoy,

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu