U-17 Liqasında «Qarabağ» - «Neftçi» və «Sumqayıt» - «Qəbələ» matçlarının qonaq komandaların 5 və daha çox futbolçusunun U-17 yığmamızın düşərgəsində olmasına görə təxirə salındığı barədə əvvəlcədən məlumat vermişdik.
Artıq ənənə halını almış «protokol problemi» ilə bu həftə də üzləşdik.
Bəzi komandaların sanki bilərəkdən oyunun protokollarını göndərməmələri həmin komandaların iştirakı ilə keçirilən matçlarda vurulan qolları təqdim etməməyimizə səbəb olur.
Sportinfo.az xəbər verir ki, U-17 Liqasında tur ərzində nəzərdə tutulan 6 oyundan 4-ü baş tutdu.
«Xəzər Lənkəran» - «Keşlə» 0:2
Qollar: Nəcməddin Şirinli, 50; Vaqif Həsənov, 75
Ötən tur «Qarabağ»la oyunda olduğu kimi bu dəfə də «Keşlə» oyuna ciddi itkilərlə çıxmışdı. Komandanın 4 aparıcı futbolçusunun U-17 millimizin düşərgəsində olması üzündən baş məşqçi İlham Yadullayev heyətə 2003-cü il təfəllüdlü 5 futbolçu dəvət etmişdi.
«Balaca»lar bu dəfə də məşqçinin üzünü ağ elədilər… Oyunun birinci yarısında hesab açılmadı. Hərçənd, hər iki komanda zaman-zaman qol vurmağa yaxın idi.
Fasilədən sonra isə qapılara 2 qol vuruldu və hər ikisi qonaqlardan gəldi. İkinci hissənin əvvəllərində «Keşlə» künc zərbəsi vurmaq imkanı qazandı.
Əbil Əbilovun qapıya birbaşa göndərdiyi topu müdafiəçilər geri qaytarsalar da, «Qarabağ»la oyunu buraxan Nəcməddin Şirinli geridönüşü qolla qeyd etdi. Bundan sonra meydanda bərabər səviyyəli oyun getdi.
Oyunun sonuna doğru daha çox hücuma meylli olan «Xəzər Lənkəran» idi. Bundan istifadə edən qonaqlar rəqibi əks-hücumda yaxaladılar.
Şaiq Vəlizadədən əla ötürmə alan Əbil Əbilov cinahla bir qədər irəliləyərək topu qapı qarşısında dayanan Vaqif Həsənova göndərdi.
Vaqif isə başla onu qapıdan keçirdi. Qeyd edək ki, oyunun qəhrəmanlarından olan Əbil Əbilovla Vaqif Həsənov 2003-cü il təvəllüdlü futbolçulardır.
«Tufan» - «Neftçi» İK İB 0:1
Qol: Rəşid Həsənov, 77
«Səbail» – «Zirə» 1:4
Qollar: Bayraməli Qurbanov, 53 - İlahi Quliyev, 25 (pen.), 57, 67, 82
«Mil-Muğan» - «Sabah» 0:2

Bombardirlər: Fərid Xasıyev («Qarabağ») – 5 qol, İlahi Quliyev («Zirə») – 4 qol.
U-17 Liqasında 5-ci tur təqvimi belədir: «Neftçi» İK İB – «Səbail», «Keşlə» - «Tufan», «Sabah» - «Qarabağ», «Zirə» - «Sumqayıt», «Neftçi» - «Xəzər Lənkəran», «Qəbələ» - «Mil-Muğan».
Oyunların oktyabrın 27-də keçirilməsi nəzərdə tutulub. Sonuncu 2 oyunun məlum səbəbdən təxirə salınması gözlənilir.
"Het-trik news" qəzeti

