AFFA rəhbərliyi, son 5 ildə bölgələrdə futbolu niyə öldürdüz?

12 Avqust 11:48 Köşə 1 079
AFFA rəhbərliyi, son 5 ildə bölgələrdə futbolu niyə öldürdüz?

Lənkəranda əzəmətli bir “Çay evi” var. İndi ölkəni müxtəlif adlarda çay evləri bürüsə də, sovet dövründən qalma bu çay evinin öz tarixi, hər bir lənkəranlının bura ilə bağlı mütləq özəl bir xatirəsi var. Hərçənd, şəhərə xüsusi gözəllik verən binanın ətrafını elə dairəvi formada satıblar ki, binanın memarını tapıb onun qarşısında buraxsan, ideyasını verdiyi “Çay evi”ni tapa bilməz. Son cümləni elə yazdığım formada da iki il əvvəl Lənkəran İcra Hakimiyyətinin memarına demişdim.

Dostlarla imkan düşən kimi demək olar, hər gün oranın mükəmməl çayından içirik. Lənkərana qonaq gələnlər bilir ki, bizdə əsl çay içilən məkanda çayı çaynikdə yox, stəkanla verirlər. Bir neçə gün öncə qarşıma stəkan qoyan gəncin yeni olduğunu anladım. Bizdə təcrübəli çayxana işçiləri olub ki, 10 stəkanı əlində tutub hərəkət edib. Masamızın üzərinə uzanan əlin əsməsi təcrübəsiz biri olduğunu dərhal büruzə verdi. Başımı qaldırdım və ikimiz də göz-gözə gəldik. Mən onun gözlərinin içərisindən bir neçə il əvvələ boylana bildim. “Xəzər Lənkəran” akademiyasının istedadlı futbolçularından olan Əli. 2016-cı ildə əsas komanda fəaliyyətini dayandırsa da, ötən il də daxil olmaqla işini davam etdirən akademiyadan çıxan onlarla istedadlı uşaq ölkənin müxtəlif klublarına transfer olunub. Amma gedənlərin də əksəri bir ay sonra geri dönüb. Paytaxtda bu istedadlı uşaqların çoxuna transfer olduqları klublar deyir ki “sənə 200, maksimum 300 manat pul verəciyik. Qalmaq və yemək problemini özün həll etməlisən”. Nəticədə, Əli kimi uşaqlar geri dönür və çay evlərində çay paylayır, yaxud elə həmin gün nə hikmətdirsə, qəribə və həm də acı təsadüfsə, mətbuatdan oxuduğum “Kəpəz”in yeniyetmə qapıçısı kimi restoranda ofisant işləyir.

Bakıda məskunlaşan klubların bir çoxunun on illərdir, yeni “doğulanların” da bir neçə ildir adı var, amma baza tipli akademiyası yoxdur. Lippertə, Foqtsdan üzü bəri bir neçə xarici mütəxəssisə ölkənin büdcəsindən ayrılan pulları yarı bölməklə paylayan AFFA rəhbərliyi isə öz ölkəsinin yeniyetmələrinə sahib çıxmır. Uşaqlar bölgələrdə məhv olub gedir. Məni tanıyanlar futbol savadıma inanırsa, deyim ki, Azərbaycanda ikinci Vəli Qasımov tipli, onun oyun üslubunda ikinci bir hücumçu yetişmişdi. “Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi, ilk milli çempionatımızda “Xəzər”in “sükanı arxasında” olan Ağadadaş Həmidov həmin uşağı Biləsuvarda dostlarının sayəsində kəşf etmişdi. Topla irəliləyəndə sinəsini Vəli kimi qabağa verib elə gözəl manevrlər edirdi ki… Ötən il belə idi. İndi hardadır, nə edir, bilmirəm. Bəlkə, pambıq yığır, bəlkə, Astara-Bakı trassında hinduşka satır.

Ağzımız isti yerdədir. O qədər isti ki, hələlik avrokuboklarda rəqibləri təhlil edirik, dəyərləndiririk. Bu ölkənin gələcəyi isə çay paylayır, hinduşka satır, pambıq yığır. Bölgələrdə onlarla Əli kimi uşaqlar elə məhəlləsində, orta məktəbin yarısatılmış idman meydançalarında məhv olub gedir. AFFA rəhbərliyini “son beş ildə bölgələrdə niyə futbolu öldürdüz” sualı, ən vacib problemi ilə üz-üzə qoya bilmədik. Bacarmadıq…

Bir azdan ənənəvi sualınızı yağlayın, pas atmaya qoymayın ki, lazım olacaq: “Bakının istisindən qorxmursuz?” Başqa ölkələrin qabağına çıxanda bizə ancaq isti, çaxan ildırım, sönən projektor işığı kömək ola bilər. AFFA rəhbərliyi itirilən on illər ərzində pulları öz ciblərinə, xaricilərin ciblərinə dürtüb, bir az da göyə sovurub, bizi təbiət hadislərinin ümidinə qoyub.

Hüseyn Cəbrayıloğlu

Xəbər Lenti
17 Sentyabr 18:40 "Qarabağ" günahkardımı?
17 Sentyabr 18:30 "Biz bunun qurbanı olduq"
17 Sentyabr 18:10 Neymarın cəzası verildi
17 Sentyabr 13:30 Avroliqada 43 oyun - BU GÜN