Qurban Qurbanov xeyrin yanındadır, yoxsa şərin?

19 Fevral 2020 13:42 Köşə 2 083
Qurban Qurbanov xeyrin yanındadır, yoxsa şərin?

Elxan Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevin yaxınlarının əməllərindən maksimum yararlanaraq təşkilatda bütün səlahiyyətləri ələ keçirdi.

Amma bu səlahiyyət ona sakit həyat vəd etmir.

Çünki Azərbaycanın futbol ictimaiyyətində Elxan Məmmədovdan narazı olan qüvvələr günü-gündən artır və onlar təşkilatlanırlar. Bunu nəzərə alan Məmmədov özünə dəstək axtarır. Deyəsən, tapıb da. Dəstəkçilər kimlər olsa yaxşıdır?

Mətbuatda yayılan məlumatlara inansaq, Elxan Məmmədov əvvəlcə “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovla görüşüb.

Daha sonra isə onun vasitəsilə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bir araya gəlib. Bu, o Elxan Məmmədovdur ki, Qurbanovu da, Sadıqovu da urvatsız hala salmışdı yığma komandaların baş məşqçi postundan biabırçı şəkildə qovmaqla.

Əslində Qurbanov da, Sadıqov da həmin ərəfədə - yığma komandaların baş məşqçi postlarını qəbul edərkən səhvə yol vermişdilər. Həmin vaxt yazmışdıq ki, bu, AFFA rəhbərliyinin özünü qorumaq planıdır. Bir ildən sonra Qurbanov gözdən salınacaq və “bu da sizin Qurban” deyilərək yola salınacaq.

Elə də oldu. Bir sözlə, həmin vaxt Qurban Qurbanov yığma komandanın baş məşqçisi postunu qəbul etməklə, Azərbaycanın futbol ictimaiyyətinə, futbolumuzun bu şəbəkədən xilas olmasını istəyənlərə arxadan zərbə vurdu. Və unutdu ki, Elxan

Məmmədov Qurban Qurbanovu gözdən salmaq üçün hər cür vasitəyə əl atanda, onu məhz bu ictimaiyyət müdafiə edirdi.

Amma deyəsən, Qurbanov heç nədən nəticə çıxartmayıb. Mətbuat onun və Sadıqovun Elxan Məmmədovla görüşdüyünü yazır. Heç biri də bunu təkzib etmir.

Nə Məmmədov, nə Qurbanov, nə də Sadıqov. Görüş olmayıbsa belə, Elxan Məmmədov bunu təkzib etməz. Nöşün ki, “Elxan Məmmədov Qurbanovla, Sadıqovla görüşdü” xəbəri icraçı vitse-prezidentin işinə yarayır.

Bununla cəmiyyətə “onlar mənim yanımdadır” mesajı ötürülür. Amma əvəzində Qurbanovla Sadıqovun reputasiyasına ciddi ziyan dəyir axı. Yəni bunun fərqində deyillər? İnanmıram. Deməli, görüş olub. Ona görə də təkzib etmirlər.

Qurban Qurbanov yığma komandaya gedəndə bir dəfə təəssüflənmişdim. Onun nüfuzdan salınacağını bilirdim. İndi yenə də təəssüflənirəm.

Adamlar eyni səhvi yenə də təkrarlamağa meyillidirlərsə, deməli, ortada başqa məqamlar, istəklər, oyunlar var. Hətta elə böyük istək və oyunlar ki, cəmiyyətdə itən nüfuz da narahatlıq yaratmır.

Biz isə bu sualı vermək məcburiyyətindəyik: Qurban Qurbanov xeyrin, yoxsa şərin yanındadır? Elxan Məmmədovla görüşüblərsə, cavab bəllidir.

Natiq Muxtarl

Xəbər Lenti