“Sabah” nə olacaq?

30 Yanvar 2020 14:25 Köşə 1 681
“Sabah” nə olacaq?

“Sabah” erkən transferini (Mario Marina) Marko Deviçi Serbiya “Vozdovats”ından qaytarmaqla və “Səbail“dən ayrılan Yevgeni Koçuku heyətinə qatmaqla tamamlayıb.

2018-2019-cu illər mövsümündə “Sabah”ın Premyer Liqada ilk qolunun müəllifi olan Deviçlə ilin sonuna qədər müqavilə bağlanıb.

Sparrinqlərə gəldikdə, klub Macarıstan “Pakş”ına 0:2 hesabı ilə uduzduqdan sonra, Rumıniyanın Klinçeni “Akademika”sı ilə heç-heçə edib (0:0), Qazaxıstan “Kaysar”ına qalib gəlib (3:1 - Filip İvanoviç, Ceyhun Nuriyev, Mario Marina) və son qarşılaşmada Rusiyanın “Spartak” klubunun əvəzedicilərindən üstün ola bilməyib – 2:2 (Marko Deviç və Ceyhun Nuriyev)

Komandanın təqdirəlayiq üstün cəhətlərindən biri 10 gənc futbolçunu (Şakir Seyidov, Ozan Can Kökcü, Emil Qasımov, Abbas Ağazadə, Elçin Mustafayev, Arsen Ağcabəyov, 19 yaşlılardan ibarət millinin üzvləri - Ceyhun Nuriyev, Nemət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev) Türkiyə toplanışına cəlb etməsidir.

Yeri gəlmişkən, qollardan ikisinin müəllifi məhz onlardan biridir. Qolların müəllifi Ceyhun Nuriyev, habelə Nemət Musayevə bütün yoxlama matçlarda şans verilib. Digər futbolçulardan Samiqqulin iki, Xaybulayev isə üç görüşdə forma geyiniblər.

Ümumən ab-havanın müsbət keçməsini də nəzərə alsaq, "Sabah" çempionatda müsbət nəticələr əldə edərsa, təəccüblü olmayacaq. Hərgah çox şey yeni sükançının - Jelko Sopiçin qalan vaxt ərzində tətbiq edəcəyi taktiki gedişlərdən asılıdır.

Xorvatiyalı baş məşqçi "tiki-tak"» həvəskarı kimi tanınmır. O, əksər həmyerliləri kimi aitletik futbolun tərəfdarıdır. Baxımlı futbol artıq ikinci plandadır.

Əsas nəticə qazanmaqdır - Sopiçi burada saxlayacaq bir nömrəli qüvvə turnir cədvəlidir. Premyer Liqada ikinci mövsümünü keçirən komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub – yeni çalışdırıcı buna öz fəlsəfəsi ilə yanaşır.

Bu baxımdan heyətdə dəyişikliklərin çox olması gözləniləndir. Yalnız topla hərəkət etməyi xoşlayan, topsuz qaçmaqla arası olmayan aparıcı futbolçuların əksəriyyəti, yəqin ki, ehtiyat skamyada - Sopiçin arxasında əyləşəcək və oradan meydançanı sakitcə seyr eləməklə kifayətlənəcək.

Xəzər Hikmət

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!