Rövnəq Abdullayevi aldatmaq bu qədər asandırsa...

29 Yanvar 2020 13:25 Köşə 4 394
Rövnəq Abdullayevi aldatmaq bu qədər asandırsa...

“Hakimlərimiz peşəkar səviyyəyə çatıblar, artıq digər ölkələrin çempionatlarının oyunlarını da idarə etməyə başlayıblar”.
Rövnəq Abdullayevin sözləridir. Növbəti dəfə Azərbaycan futboluna pərçim edilərkən deyib. Təəccübdən adamın gözləri bərəlir. Yəni doğrudanmı, Rövnəq Abdullayev futbolda bu qədər kəmsavaddır ki, onu belə asanlıqla aldada bilirlər? Belə asanlıqla inandırırlar ki, hakimlərimiz inkişaf etdikləri üçün başqa ölkələrin çempionatlarını idarə edirlər? Allah, Allah...
***
Elmar Məmmədyarov bir az bic tərpənsə, Ermənistanın xarici işlər naziri, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə az-az görüşə bilər. Əlində gül kimi bəhanəsi var: “Futbolun inkişafı ilə məşğulam”. Dəqiqdir ki, Elmar müəllim erməni həmkarı, həmsədrlərlə görüşməkdə həvəsli deyil. Nöşün ki, onsuz da bu görüşlərin əhəmiyyəti yoxdur. Görüşüb, laqqırtı vurub dağılışırlar. Arada lətifə də danışırlar. Amma lətifəni də elə Elmar müəllim danışır. Day bezib lətifə danışmaqdan.
***
Elmar müəllimin söhbəti Elşad Nəsriovla tutur. Elşad müəllim yaxşı lətifələr bilir. Çoxu da futbolla bağlıdır. Azərbaycandakı futbol azarkeşlərinin də ən böyük arzularından biri nə vaxtsa Elşad Nəsirovun səsini eşitməkdir. Çoxu elə bilir ki, İcraiyyə Komitəsinin bu üzvü laldır. Amma Elmar müəllim bilir ki, elə deyil. Elşad müəllimin səsini bircə dəfə eşidə bilsəydik... Lap futboldan lətifə danışsın. Lap rusca danışsın. Təki, danışsın...
***
Bu Fərid Mansurova görə çox sevinirəm. Güman edirəm ki, futbol funksioneri kimi, yolu bölgələrimizə düşəcək. Və orda görəcək ki, bölgələrimizdə uşaqların, nəinki futbolla, heç güləşlə də məşğul olması üçün şərait yoxdur. Bu məqamı nəzərə alsaq, onun İcraiyyə Komitəsində təmsil olunması təqdirəlayiqdir.
***
Rauf Əliyev yenə deputat olmaq istəyir. Deputat olmaq istəyən seçicinin ayağına gedər. Rauf müəllim də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gedib. Sən demə, onun seçiciləri qoruqda yaşayırmışlar. Rauf müəllimin qoruğa getmək ideyası Berlində futbol məktəbi açmaq layihəsinə babdır. İslahatları belə beyinlərlə aparacağıq. Rauf müəllimin dairəsindəki seçicilərə paxıllığım tutur. Adamın deputatı belə olar də, atam balası.
***
Hə, qayıdaq yenə də Rövnəq müəllimin dediklərinə. Müjdə verib ki, Şamaxıda stadion tikiləcək. Niyə Şamaxıda? Avropanın idman paytaxtı seçilən Gəncənin stadionunda itlər boğuşur. Masallıdakı Anatoli Banişevski adına stadiona da qoyunlar qığlayır. Bu adamı necə inandırıblar ki, Şamaxının futbol ənənələri olub, Gəncədə, Masallıda yox, orda stadion tikmək lazımdır? Yəni adam bu qədər kəmsavad olar? Sevinin, hələ uzun müddət bu beyinlər idarə edəcəklər futbolumuzu.

P.S. Vaqif Sadıqova bir təşəkkür borcum var. Sübut etdi ki, AFFA-da ancaq yaltaqlanmaqla yüksəlmək mümkündü. Yaxşı nümunədir. AFFA rəhbərliyinə yaltaqlanmaq üçün fürsət axtaran o qədər adam var ki... Axtarın, əvvəl-axır, fürsət tapacaqsınız, işiniz, yəni, yaltaqlanmağınız avand olsun!

Natiq Muxtarlı

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!