AFFA-nın sual yaradan məntiqi - Güləsən, yoxsa ağlayasan?

2 İyul 2022 19:40 Köşə 2 321
AFFA-nın sual yaradan məntiqi - Güləsən, yoxsa ağlayasan?

Qonşu Gürcüstan növbəti ulduzunu dünya futboluna bəxş etməkdədir.

Söhbət 21 yaşlı Xviça Kvarakseliyadan gedir.

Artıq dünən gənc istedadın "Napol"yə transferi rəsmi olaraq gerçəkləşdi. Qonşular parlaq gələcək vəd edən futbolçusunu böyük təmtəraqla ölkəsindən yola saldı.

Niyə də salmasın? Adamlar İtaliya nəhənginə futbolçu göndərməyin sevincini yaşayır. Gürcü balasını hələ bu gedişlə daha böyük klublarda görə biləcəyik.

Digər bədnam qonşumuz ermənilər isə digər İtaliya nəhəngi "İnter"ə azarkeşlik etməyin xəyallarını qurullar. Ki, 33 yaşlı hücumçuları Henrik Mxitaryan məhz bundan sonra Milan təmsilçisində çıxış edəcək.

Bu, forvardın həmyerliləri üçün heç də xüsusi hal deyil. O, buna kimi "Borussiya" (dortmund), "Roma", "Mançester Yunayted" kimi nəhənglərdə oynamaq sevincini xalqına yaşadıb. Bu yaşında da buna davam edir.

Bəs bizdə? Qalmışıq bir Mahir Emrelinin ümidinə. Dünəndən çal-çağırdı. Ki, yenə fərqlənib. Həm də Zaqreb "Dinamo"sunda.

Özü də yoldaşlıq matçında. Rəqib də Slovakiya təmsilçisi təmsilçisi "Spartak Trnava" olub. Ümidimiz də onadır ki, 25 yaşında parlayıb, "Dinamo"nun əsas simasına çevriləcək. O da bəlkə...

Baxın, qonşular harda, biz harda. Onlar nəyə sevinir və ya nəyi adi qəbul edir və biz nəyə sevinir və ya nəyə ümid edirik.

İndiki reallıq bir kənara, gələcək istəklərimiz arasında belə böyük uçurum var.

Halbuki Azərbaycan futboluna axıdılan pulun heç yarısının yarısı da Ermənistan və Gürcüstan futboluna xərclənməyib. Bəs illərdi AFFA-da oturanlar nə edir? Hara baxır? Soruşanda da deyirlər ki, "biz futbolçu yetişdirən qurum deyilik".

Pulu alan qurum AFFA, xərcləyən qurum AFFA, amma futbolçu yetişdirməyə gələndə yaxaların kənara çəkillər.

Deməli, bunların məntiqi ilə illərdi dövlətdən ayrılan milyonları xərcləyən qurum olmaq olar, amma futbolçu yetişdirmək yox. İndi bu məntiqə güləsən, yoxsa ağlayasan?

XANOĞLAN İMANOV

Xəbər Lenti