AFFA-nın çirkin əməli –  De Byazidən bu cür istifadə edirlər

18 Noyabr 2021 21:20 Köşə 1 785
AFFA-nın çirkin əməli –  De Byazidən bu cür istifadə edirlər

Canni de Byazi bu gün günorta “CBC Sport” telekanalında yayımlanan “Start” verilişində qonaq idi.

Tərcüməçisi ilə birgə gəlmişdi həmkarımız Səmra Əliyevanın suallarını cavablandırmağa.

De Byazinin verilişdə kimdən, nədən danışması, uğursuzluğa necə don geyindirməsi ilə işim yoxdur. Onsuz da, işi-gücü bəhanələrin arxasında gizlənib, özündən başqa hamını günahlandırmaqdır.

İşim olan “zad” AFFA-da çalışanların italiyalı çalışdırıcını qorumasıdır. Adamlar Canni ilə üzbəüz oturub, çoxsaylı suallarımıza cavab tapmağa imkan vermədiyi halda, milli məşqçisini hər imkanda “CBC Sport”un Bakı Olimpiya Stadionundakı redaksiyasına yollanmağa məcbur etməyi bacarır.

Ki, get danış, ölkə futbolundakı problemləri sadala, nöqsanların məşqçilərdə yox, qalan hamıda olduğunu söylə, “malalama əməliyyatı” nı uğurla həyata keçir.

Sual: Həmin şərait “Sportinfo”ya, “Komanda”ya, “Fanat”a və digər saytlara niyə yaradılmır? Niyə biz yığmanın baş məşqçisi ilə tet-at-tet söhbət edə bilmirik?

Niyə dəfələrlə etdiyimiz müraciətə “De Byazi danışmaq istəmir” cavabını almalıyıq?

Özü bunda maraqlı deyil?

Maraqlı olmayan adamın “CBC Sport”un “Start”ında nə işi var?

Deməli, onun jurnalistlərlə danışmasında maraqlı olmayan sizsiz – AFFA rəsmiləri, qurumdakı əsas söz sahibləri.

Ona görə də neftin pullarının hesabına Bakıda saxladığınız adamı ancaq öz maraqlarınıza uyğun istifadə edirsiz – neftin pullarının hesabına saxladığınız telekanalına müsahibə verməyə məcbur etməklə.

Bəylər, bu ölkənin futbolu da, millisi də, millisinin baş məşqçisi də - hamısı bizimdir. Azarkeşin, jurnalistin, futbolsevərin.

Ondan müsahibə götürmək, təkcə sizin yox, hər kəsin marağına səbəb olan suallara cavab almaq bizim də haqımızdır.

Təbii ki, haqq sözünün hansı məna kəsb etdiyindən xəbərdarsızsa.

HƏBİB

Xəbər Lenti