Pulu ver "Qəbələ"yə, 5 də üstündə!

1 Sentyabr 2021 21:20 Köşə 1 667
Pulu ver "Qəbələ"yə, 5 də üstündə!

Azərbaycan Premyer Liqasındakı 2 turluq davamiyyətdən sonra milli komandaların oyunları ilə bağlı üç həftəlik fasilə start götürdü.

Arxada qalan iki tur klublarımızın mövsümə hazırlığı və gələcək perespektivləri haqqında danışmaq üçün çox tezdir.

Amma bəzi məqamlar var ki, onlar haqqında fikir bildirmək üçün nəninki 2 tur, hətta 1 hissə belə yetərlidir. Məsələn, "Qəbələ"nin seleksiya işi kimi.

Ötən mövsüm göstərdiyi oyunla çoxlarının könlünü oxşayan bölgə klubunun yeni mövsümü necə keçirəcəyi maraqla gözlənilirdi.

Başa çatan mövsümün ardınca Elmar Baxşıyevin kapitanı olduğu “gəmi”ni çox sayda futbolçu tərk etmişdi. Əsas da əcnəbilərin gedişi həyacan siqnalı təsiri bağışlayırdı.

Real danışsaq, ayrılanlardan Yurgen Qoxa, Merab Qiqauri, Nikolas Raysel, Ceyms Adeniyi, Vinko Medimoreç "Qəbələ"nin əsas aparıcı qüvvəsi sayılırdı.

Adıçəkilən futbolçuların əksəriyyəti ilə 1+1 illik müqavilələr imzalanmışdı. Yəni bu il üçün də nəzərə alınan transferlər idi.

Ayrılan əcnəbilərin ilk ilə nisbətən bu il daha da parlaq çıxış etmək ehtimalları yüksək qiymətləndirilirdi. Çünki daha komandaya uyğunlaşmaq, məşqçinin sistemini qəbul etmək kimi çətinliklər yaşanmayacaqdı.

Bu məqamlar Elmar müəllimə yaxşı komanda yaratmaq yolunda da üstünlük verirdi.

Amma məlum büdcə problemi maaşların artımına imkan verməyincə, həmin legionerlər klubu tərk etməli oldu.

AFFA "Qəbələ" üçün nəzərdə tutduğu maliyyə yardımını daha tez ayırsa və məbləği bir qədər də artırsaydı, onları indi də komandada görə bilərdik.

Ümumiyyətlə, federasiyanın qeyri-ciddi münasibəti olmasaydı, "Qəbələ" yeni mövsüm hazırlıqlarına 5 gün gec başlamaz və çempionata 10 gün qalmış 12-13 futbolçu ilə məşqləri davam etdirməzdi.

Yalnız son anda Rafel Utriq və Stefan Vukçeviçi komandada saxlamaq mümkün oldu.

Gedən əcnəbilərin əvəzinə isə gec də olsa, Kristof Atanqana, İsnik Alimi, Ruan Renato və Omar Hani kimi legionerlər heyətə cəlb edildi.

Düzdür, İspaniya "Atletik"indən gələn Atanqananı iş başında görə bilməmişik. Amma Alimi və Ruan meydanda olduqları hər dəqiqə öz səviyyələri ilə seçilməyi bacarıblar.

Az məbləğə razılıq verən futbolçular meydanda daha çoxuna layiq olduqlarını göstərə bilirlər.

Hanıdən də çox şey gözləməyə dəyər. Hər halda APOEL kimi iddialı klubun formasını geyinib,

Nikosiya “Olimpiakos”unda təcrübə keçib. Bununla növbəti dəfə "Qəbələ" klubunun seleksiya işini necə ideal yerinə yetirdiyi bir daha təsdiqlənmiş olur.

Bu klub üçün "ölkəmizə yaxşı əcnəbi gəlmir", "yaxşı legioner almağa büdcəmiz yetərli deyil" bəhanələri keçərli deyil.

Sadəcə, AFFA- rəhbərliyinə deyən lazımdır ki, 6-7 milyonu "Keşlə" kimi komandalara ayırmaq yox, "Qəbələ" kimi idarə olunan klub rəhbərlərinə vermək lazımdır.

Ki, faydasını həm həmin klub görsün, həm də ölkə futbolu.

Xanoğlan Imanov

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!