Sabiq "Tottenhem"lini paytaxtımıza gətirən RUZİGAR

4 Fevral 2022 22:20 Şamaxı 1 222
Sabiq "Tottenhem"lini paytaxtımıza gətirən RUZİGAR

Qış fasiləsində bir çox əcnəbi ilə yolları ayıran "Keşlə" yalnız bir legioner transferi ilə yadda qaldı.

Komanda mövsümün ikinci yarısına sayılı günlər qalmış Natha Oduvanı heyətinə qatmağı bacardı.

İngiltərəli oyunçunun təqdimatı futbol ictimaiyyətində böyük səs-küy yaratdı. Bu da səbəbsiz deyil. Ki, adıçəkilən futbolçu dünyaca məşhur "Tottenhem" klubunun yetirməsidir.

Təqdimat möhtəşəm görsənə bilər, amma kiçik araşdırma bunun boş görüntüdən o tərəfə olmadığını üzə çıxardı.

Oduva 2012-ci ildə ingiltərə təmsilçisində peyda olub. 2016-cı ilə kimi müxtəlif klublarda icarədə olmaqla "Tottenhem"in U23 komandasına kimi yüksələ bilib.

25 yaşlı vinger həmin illərdə hətta İngiltərənin U17, U18, U20 yaş qrup millilərində belə çıxış edib. Əcnəbi oyunçunun karyerasının parlaq illəri elə 2016-cı ilə kimi davam edib. Bir sözlə, onun lap gənc yaşlarında parlayan ulduzu çox çəkməyib ki, sönüb.

Sonrakı illər Sloveniyanın "Olimpiya", Norveçin "Vayle", İsrailin "Hapoel Xadera" və İrlandiyanın "Dandolk" klublarında forma geyinsə də xüsusi nə iləsə fərqlənə bilməyib.

Karyerasının son 2,5 ili birmənalı olaraq bərabad alınıb. "Dandolk"dak qısa müddətli çıxışını saymasaq, (cəmi 16 oyun keçirib) ingiltərəli oyunçu faktiki heç kimə lazım olmayıb. Son bir il isə konkret futboldan kənar düşən vinger, nəhayət, "Keşlə"də baxışa gəlməklə yenidən futbola qayıtmaq həvəsinə düşüb. Əks halda lap 3-5 il əvvəl olsa da İngiltərə nəhəngində oynayan biri "Keşlə"yə gələcək qədər niyə düşsün ki?

Əslində heç baxışda da o qədər ürəkaçan oyunu ilə seçilməyən futbolçunun sırf sivisinə görə müqavilə bağlanmasına qərar verilib.

4 aylıq müqavilə müddətinin seçilməsi də əbəs deyil. Baş məşqçi Sənan Qurbanov onun bu müddətdə özün tapacağına ümid edir. Bizə də gözləmək düşər...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!