
“Turan Tovuz” – “Neftçi” oyunundan əvvəl paytaxt klubunun mətbuat xidməti matçda iştirak etməyəcək futbolçularla bağlı ənənəvi anons vermişdi.
Siyahıda 6 futbolçunun (Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias) zədə, Elvin Camalovun isə cəza səbəbindən səfər görüşündə iştirak etməyəcəkləri bildirilmişdi.
Lakin əsas komandanın 3 üzvü var ki, onların adına heç bir halda rast gəlmədik. Nə zədəli və cəzalıların siyahısında, nə də iştirak ərizəsində - Yeqor Boqomolski, Azər Əliyev və Alfa Konte.
Kontenin baş məşqçi Samir Abasovun “qara siyahı”sına düşməsi çoxdan məlumdur. Xarakterində ciddi problemlər olar 25 yaşlı futbolçu əsas komandanın məşqlərindən uzaqlaşdırılıb,
“Neftçi-2” isə onun xidmətinə gərək duymur. Artıq xeyli vaxtdır tərəflər müqaviləyə xitam verilməsi barədə danışıqları davam etdirir.
Əliyevlə Boqomolskiyə gəlincə, klubla sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq futbolçularla yolların ayrılacağı dəqiqləşib.
“Kəpəz”lə oyunda “23-lük”də yer alıb, “Turan Tovuz”la qarşılaşmada qeybə çəkilən Azərlə Yeqor, çox güman, yaxın günlərdə düşərgəni tərk edəcək.
Yaxın günlərdə daha bir neçə nəfərin ayrılıq xəbərini eşitsəniz, təəccüblənməyin.
HƏBİB / SPORTİNFO.AZ