
Azərbaycan Premyer Liqasının XXXIV turunda evdə “Zirə”yə 0:1 hesabı ilə uduzan "Səbail"in I Liqaya enişi dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, “dənizçilər”in icraçı direktoru Firuz Abdulla teleqraf-a müsahibəsində növbəti mövsüm üçün planlarından və gördükləri işlərdən danışıb:
- Mövsümün sonuna iki tur qalmış "Səbail"in elita ilə vidalaşacağı rəsmiləşdi. Klub rəhbərliyi olaraq qarşıya hansı planlar qoymusunuz?
- Yaxın planlarımız ondan ibarətdir ki, "Neftçi" və "Sumqayıt"a qarşı çempionatın son 2 oyununu keçirək. Növbəti mövsüm isə I Liqada mübarizə aparmağı planlaşdırırıq.
- Baş məşçi ilə bağlı dəyişiklik olacaq?
- Xeyr, baş məşqçi ilə bağlı dəyişiklik gözlənilmir. Elvin Məmmədovla yola davam edəcəyik.
- Futbolçularla danışıqlara başlanılıbmı?
- Qarşıdakı günlərdə bu məsələ ilə məşğul olmağa başlayacağıq. Çünki komandanın elitanı tərk edəcəyi hələ dünən rəsmiləşib.
- Heyətdəki legioner futbolçuların planı nə yöndədir: qalıb I Liqada komandaya kömək etmək istəyənlər varmı?
- Böyük əksəriyyətinin müqavilə müddəti yayda başa çatır. Müqaviləsi bitən oyunçularla bağlı hər hansı gedişat yoxdur. Çünki I Liqanın öz reallıqları var. Amma o futbolçuların ki müqaviləsi növbəti mövsüm üçün də nəzərdə tutulub, onlarla danışıqlar aparacağıq.
- Növbəti mövsüm heyətdə legionerlər yer alacaqmı, yoxsa yerli oyunçulara üstünlük veriləcək?
- Hələ I Liqanın növbəti mövsüm üçün legioner limiti bəlli deyil. Bununla bağlı AFFA-dan da müvafiq qərar açıqlanmayıb. Limit elan olunsun, biz də ona uyğun planlarlmızı quracağıq.
- Növbəti mövsüm ”ASCO Arena”dan istifadə üçün “İmişli” AFFA ilə müqavilə imzalayıb, ola bilsin, ev oyunlarını orada keçirəcək. Bu halda, “Səbail” I Liqada rəqiblərini harada qəbul edəcək?
- Klub yaranan gündən “ASCO Arena”dan istifadə etmişik. Növbəti mövsüm Premyer Liqada iştirak üçün lisenziya da almışıq. Lisenziyalaşdırma prosesində də həmişə olduğu kimi, ev oyunlarımızı keçirdiyimiz “ASCO Arena”nı qeyd etmişik. Digər klub və ya klubların stadiondan istifadəsi ilə bağlı məlumatımız yoxdur. Bu,, AFFA-nın səlahiyyətində olan məsələdir, çünki stadion onlara məxsusdur. Amma biz stadion olaraq “ASCO Arena”nı sifariş vermişik. Bunun əsasında da lisenziya almışıq. Ehtiyac olarsa, yenə də AFFA ilə bu istiqamətdə danışıqlar aparacağıq.
- Göründüyü qədərilə stadionda təmir işləri gedir. Bu, “Səbail” tərəfindən aparılır?
- Bəli, stadiondan istifadə etdiyimiz, eyni zamanda, mənim “Səbail”də icraçı direktor olaraq fəaliyyət göstərdiyim müddətdə, yəni son iki futbol mövsümündə əsaslı təmir işləri aparılır. Bunun kənardan görünən və görünməyən tərəfləri var. Çünki elə yerdə təmir aparılır ki, onu azarkeşlər və ya stadiona gəlib-gedənlər hiss etməyə bilərlər. Amma çox ciddi işlər görmüşük. İndi tribunaların dam örtüyünün yenilənməsi ilə bağlı proses də klub tərəfindən həyata keçirilir. Bundan əvvəl, paltardəyişmə otaqlarının hamısını klub təmir etdirib, yeni mebellərlə təchizat təmin olunub. Stadionun istilik sistemi, qazanxana, havalandırma və kondisonerlə bağlı problemlər, birinci mərtəbə paltardəyişmə otaqlarının dəhlizləri, üçüncü mərtəbədəki futbolçuların qaldıqları otaqların təmirini klub qısa müddətdə həyata keçirib.