Belə cinayət olmaz - Həqiqətən tapmır, yoxsa..?

2 Aprel 2023 17:00 Kəpəz 1 825
Belə cinayət olmaz - Həqiqətən tapmır, yoxsa..?

Gəncə stadionunun durumu bərbaddır. «Keçəlləşən» qazon bu boyda şəhərə qətiyyən yaraşmır.

Deyəsən, İlqar Nadiri təbii ota Allahın suyunu da qıymır.

Ona xərclənməli olan pulu kim bilir hara ötürür, harada gizlədir.

Bu, mütləq araşdırılması vacib məsələdir. Stadion pis gündədir, ümumi təmirə böyük ehtiyacı var. Bunu anladıq, klubun ciddi xərc çəkməyə imkanı çatmır.

Bəs meydançanı abıra salmaq? İlqar Nadiri buna da pul tapmır? Həqiqətən tapmır, yoxsa..?

Premyer Liqa oyununun belə meydançada keçirilməsi qəbahətdir. PFL hara baxır, görəsən? «Səbail»lə qarşılaşmanın AFFA nümayəndəsi necə, o da gözdən zəifdir, qazonun halını görmədi?

Belə iş görməzlər, kişilər!

Bu cür sahədə oyunun keçirilməsinə icazə vermək cinayətdir.

Saralıb-solmuş, kələ-kötürlüyü uzaqdan müşahidə edilən, susuzluqdan bağrı yarılmış meydança Premyer Liqanın utanc yeridir, bunda günahı olanların hər biri məsuliyyət daşıyır və haqlı suallardan yayına bilməz.

Nə isə… O bərbad meydança kimi idarə olunan «Kəpəz» yenə qələbə qazanırsa, Tərlan Əhmədova da, bu formanı əynində daşıyan futbolçulara da afərin!

«Səbail»i əzm və istəkdə, komanda ruhunda üstələdilər. Qaçırdıqları penalti vuruşunun dönüş nöqtəsi olmasına imkan vermədilər, qonaqların üzərinə basa-basa getdilər.

Doğru top oynadılar, hücum futbolundan imtina etmədilər. Həqiqət onu istəyənlərin tərəfindədir.

«Kəpəz» qazanmaqdan ötrü həqiqi çalışdı və layiq olduğunu da ondan aldı.

Yəqin ki, Premyer Liqada yerini qorumaq münasibətilə Əhmədovu, futbolçularını təbrik eləmək olar artıq. Yalnız onları. İlqar Nadiri və çevrəsindəkiləri yox.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti