COP29

"Futbolçuları ən çox motivasiya etdiyim oyun bugünkü idi" - Tərlan Əhmədov

16 Mart 2023 21:30 Kəpəz 682
"Futbolçuları ən çox motivasiya etdiyim oyun bugünkü idi" - Tərlan Əhmədov

"Kəpəz" Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun izlədik. İtkilərə baxmayaraq, komandanı motivasiya etmişdik. Əzəli rəqiblə derbidə yaxşı mübarizə aparıb xal götürmək vacib xal idi. Komandam gözəl mübarizə apardı. Yaxşı oynadıq. Hesab böyük də ola bilərdi, biz də onlar da qalib gələ bilərdi. İntizamlı oyunumuz məni daha çox sevindirir. İnkişaf edirik. Qalib gələ bilən komanda kimi formalaşırıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Çox xallar itirmişik. Öz səhvlərimizdən də, hakim səhvlərindən də. Oyun göstərdi ki, düz yoldayıq və fasilədən sonra problemləri həll edib, komandanı bir balaca da yuxarı qaldıra bilərik. Azarkeşlərə təşəkkür edirəm. Veteran futbolçulara da həmçinin.

- Qazanılmış bir xala görə sizə təbrik edək, yoxsa necə?
- Burada təbrikdən söhbət gedə bilməz. "Neftçi" böyük klubdur, "Kəpəz" də. Amma "Kəpəz" uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Yeddinci aydır buradayıq. "Neftçi"dən xal almaq böyük nəticədir. Çünki yeni formalaşırıq. Heç-heçə ədalətli nəticə idi. Hər iki komandanın şansı var idi. Səfərdə qazanılan bir xal düzgün, uğurlu yolumuzda təkan olacaq.

- Bu gün baş hakim Elçin Məsiyevin lazım olan anlarda müdaxilə etmirdi. Siz də gördüz?
- Hakim səhvlərindən 8 xal itirmişik. Özümüzün də səhvi olub. Nəticəyə təsir edəcək xallardır. Amma geridə qalıb. Əvvəlki oyunlara baxanda bu gün qlobal səhvlər olmadı. Cüzi xətalar həmişə olub. Biz məşçqilər aqressiv davranırıq. Amma hakimlikdən narazı qalacaq epizod yoxdu.

- "Kəpəz"in qarşıda çox ağır görüşləri var. Hədəf nə olacaq?
- Bəli, ağır qrafikdir. Komandanın buna qədər və bu gün göstərdiyi oyun ümid verir ki, Premyer Liqada qalaq. Qarşıma qoyulan məqsəd liqada yerimizi qorumaqdır. Çalışıram ki, 6-7-ci yerlərdə olaq.

- Üçüncü dövrədə avrokuboklar uğrunda mübarizə aparan komandaların hərəsindən bir xal almısız. Öz rəqiblərinizə qarşı oyunlarda xal itirmisiz. Bu, nə ilə bağlıdır? Güclülərə qarşı mübarizə aparırsız...
- İki dəfə çox zəif oynamışıq. "Sumqayıt"a evdə, "Turan Tovuz"a səfərdə uduzduğumuz matçlar. Həmin qarşılaşmalarda futbol adına bir şey olmayıb. Bu da təbii haldır. Hər komandada belə dövrlər olur. Biz bunu hiss edə bilərik. "Səbail"ə qarşı göstərdiyimiz oyun məğlubiyyətə layiq deyildi. Rəqib bir dəfə gəldi və qol vurdu. Əsas odur ki, komanda liderlərə qarşı necə oynayırsa, özümüzə uyğun rəqiblərə qarşı da o cür oynasın. Komanda yenidir, formalaşma prosesi gedir. Stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, 3-4 oyun stabillik, qələbələr olsun. Möcüzə yaradacaq bir şeyim yoxdur. Hədəfim odur ki, "Kəpəz" liqada qalsın. Kimisə büdrətmək haqda düşünmürəm. Hər rəqibə fərqli hazırlıqla gedirəm. Futbolçuları ən çox motivasiya etdiyim oyun bugünkü idi. Səkkiz dəqiqə matç haqda təlimat vermişəm. Digər görüşlərdə isə 20-25 dəqiqə. Çünki futbolçular nə etməli olduqlarını bilirdilər.

- Son 5 oyunda "Kəpəz" yalnız "Sabah"a uduzub. Oyununuza baxanda vitamini, isti suyu olmayan komandaya bənzəmir...
- Bu barədə artıq danışmaq istəmirəm. Özünüz agahsız hər şeydən. Futbolçuların özünün gələcəyi var. Bura gələndə deyirdilər ki, hara gedirsən, orada futbol oynamırlar. Amma futbolçuların oynadığı oyunu görürsüz. Onlara təkliflər var.

- Sizcə hansısa komanda Premyer Liqanı tərk etməlidir, yoxsa çempionatda klub sayı artmalıdır?
- İstəyərəm ki, cənub bölgəsindən komandamız olsun, Zaqatalaya böyük futbol qayıtsın, şimaldan da həmçinin. 16 komanda olsun, Premyer Liqada klub sayı artsın. Hər rayonumuzda həyata baxış fərqlidir. "Şəmkir" tarixində ilk dəfə ÇL-də mərhələ keçib. Amma bu gün yada salınmır. "Simurq" pley-offda olub, indi yoxdur. "Xəzər Lənkəran", "Bakı" yoxdur. Onları qaytarsaq, hərəsindən 1-2 futbolçu çıxarsaq, kənardan milliləşdirilmiş oyunçu gətirmərik. Hər halda qərarı AFFA İcriaiyyə Komitəsi verir. Artırılsa, daha yaxşı olar.

Digər Xəbərlər
Xəbər Lenti